Bakı. Trend:
44 günlük Vətən müharibəsindən sonrakı dövrdə Prezident İlham Əliyevin tapşırıqları əsasında şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı icra olunan genişmiqyaslı sosial dəstək paketinin əsas istiqamətlərindən biri də onların məşğulluğunun təmin edilməsidir.
Trend xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bildirilir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən postmüharibə dövründə bu kateqoriyalara aid olan 29 min şəxs məşğulluq tədbirlərinə cəlb edilib.
Onlardan 13,5 min şəxs üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik bizneslər qurulub, 14,1 min şəxs isə münasib işlərlə təmin edilib.
Məşğulluq tədbirlərinə cəlb olunan şəhid ailələri üzvləri və müharibə iştirakçılarından 1,4 min şəxs üçün isə əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kursları da təşkil olunub.
