Bakı. Trend:
İncəsənət əsərlərinin, kolleksiya əşyalarının və əntiq əşyaların ölkəyə idxalının ƏDV-dən azad ediləcək.
Trend-in məlumatına görə, bununla bağlı məsələ Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə edilib.
Belə ki, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının kodları üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan incəsənət əsərlərinin, kolleksiya əşyalarının və əntiq əşyaların idxalı ƏDV-dən azad ediləcək.
Bildirilib ki, müvafiq təsdiqedici sənəd əsasında təsdiq ediləcək siyahı üzrə (həmin siyahı xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının kodları üzrə təsdiq ediləcək) incəsənət əsərlərinin, kolleksiya əşyalarının və əntiq əşyaların ölkəyə idxalı ƏDV-dən azad ediləcəkdir.
ƏDV-dən azadolma bu əşyaların idxalçılarının xərclərini optimallaşdıracaq, nəticədə bu sahədə idxalın yüksəlməsinə, mədəniyyət obyektlərinin, muzeylərin eksponatlarla zənginləşdirilməsinə, beynəlxalq mədəni inteqrasiyanın güclənməsinə, pul, antik əşya və incəsənət əsərləri kolleksiyaçılarının dəstəklənməsinə xidmət edəcəkdir. Qeyd etmək lazımdır ki, bir sıra inkişaf etmiş ölkələrin təcrübəsində də bu cür əşyaların idxalından vergilərin tutulmaması praktikası mövcuddur.
