...

"Qurtuluş" Reabilitasiya Mərkəzində baş vermiş qanunsuzluqlarla bağlı 3 nəfər həbs olunub (YENİLƏNİB)

Cəmiyyət Materials 30 Yanvar 2026 19:53 (UTC +04:00)
"Qurtuluş" Reabilitasiya Mərkəzində baş vermiş qanunsuzluqlarla bağlı 3 nəfər həbs olunub (YENİLƏNİB)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

"Qurtuluş" Reabilitasiya Mərkəzində baş vermiş qanunsuzluqlarla bağlı 3 nəfər həbs olunub.

Trend xəbər verir ki, bu barədə Sumqayıt şəhər prokurorluğu məlumat yayıb.

Bildirilib ki, ilkin istintaq tədbirləri əsasında sözügedən MMC-nin direktoru Ceyhun Salmanovun Elşad Məhərrəmov, Natiq Əliyev və istintaqa məlum olmayan digərləri ilə qabaqcadan əlbir olaraq ayrı-ayrı vaxtlarda 7-dən çox şəxsi zor tətbiq etməklə və aldatmaqla Mərkəzin Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən müəssisəsinə (yaşayış evinə) gətirmələri, orada iradələri ziddinə və qanunsuz olaraq azadlıqdan məhrum edilməklə saxlamaları, saxlanıldıqları müddətdə həmin şəxsləri yaxınları ilə əlaqə saxlamaq imkanından, o cümlədən mobil telefon və digər rabitə imkanlarından məhrum etmələri, müxtəlif formada fiziki və psixi iztirablarla onlara əzab vermələri, saxlanılan şəxslərdən bir neçəsinin sağlamlığına xəsarət yetirmələrinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Ceyhun Salmanov, Elşad Məhərrəmov və Natiq Əliyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1 (qəsdən sağlamlığa az ağır zərər vurma), 133.2.1, 133.2.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən iki və daha çox şəxsə, oğurlanmış şəxsə əzab vermə), 144.3 (ağır nəticələrə səbəb olan adam oğurluğu), 145.2.1 və 145.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən iki və daha çox şəxsi qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub. Onların barələrində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Sumqayıt şəhər Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd olunub ki, qanunsuz əməllərin törədilməsində iştirak etmiş digər şəxslərin müəyyən edilməsi məqsədilə istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

xxx
19:53

"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov və daha iki əməkdaş saxlanılıb.

Trend-in məlumatına görə, Salmanov Ceyhun Məzahir oğlu, Məhərrəmov Elşad Məhərrəm oğlu və Əliyev Natiq Eldəniz oğlu onlar Cinayət Məcəlləsinin 145.2.1 və 145.2.4-cü (adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən iki və ya daha çox şəxsə qarşı törədildikdə) maddələri ilə ittiham edilir.

Fakt Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən təsdiq olunub, əlavə məlumatın verilməsi təmin olunacaq.

Qeyd edək ki, bir müddət öncə "Qurtuluş" Reabilitasiya mərkəzində aşkar edilmiş qanun pozuntuları ilə bağlı cinayət işi başlanılması barədə Baş Prokurorluq məlumat yayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti