Bakı. Trend:
Bələdiyyə gəlir və xərclərinin vahid portalının hazırlanması istiqamətində işlər davam etdirilir.
Trend-in məlumatına görə, bu məlumat Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü iclasında müzakirə edilən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı Ədliyyə Nazirliyinin 2025-ci il üzrə illik məruzəsində öz əksini tapıb.
Bildirilib ki, Nazirlər Kabinetinin 2025-ci il 3 iyun tarixli Qərarı ilə “Bələdiyyələrlə iş” informasiya sistemi (BİİS) haqqında Əsasnamə” təsdiq edilib.
“Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər Planında nəzərdə tutulan “Bələdiyyə gəlir və xərclərinin vahid portal”nın yaradılması və bütün bələdiyyə xərclərinin portal vasitəsilə həyata keçirilməsi, portalın açıqlığının təmin olunması barədə tapşırıqdan irəli gələrək Əsasnaməyə əsasən qeyd edilən portal BİİS-in strukturuna altsistem kimi daxil edilib.
Portalın altsisteminə daxil olan modullar vasitəsilə bələdiyyələrin gəlir mənbələri və xərc istiqamətləri barədə məlumatların toplanılması, emalı, axtarışı, təhlili, ötürülməsi və yayımlanması, bütün bələdiyyə xərclərinin həyata keçirilməsi və bələdiyyələrin maliyyə hesabatlarının elektron formada tərtib edilməsi təmin olunacaq.
Qeyd edilib ki, hazırda portalın hazırlanması və açıqlığının təmin olunması üzrə işlər davam etdirilməkdədir.
