Bakı. Trend:
Bələdiyyə fəaliyyəti ilə bağlı Ədliyyə Nazirliyinə daxil olan hüquqi və fiziki şəxslərin sorğu və müraciətlərinə baxılarkən aşkar olunan qanun pozuntuları ilə bağlı müvafiq sənədlər əlavə edilməklə aidiyyəti üzrə istintaq orqanlarına məlumat verilib.
Trend xəbər verir ki, bu məlumat Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü iclasında müzakirə edilən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı Ədliyyə Nazirliyinin 2025-ci il üzrə illik məruzəsində öz əksini tapıb.
Bildirilib ki, bələdiyyələrin fəaliyyətində rast gəlinən pozuntular əsas etibarilə bələdiyyə torpaqlarının idarə edilməsi, maliyyə vəsaitlərindən istifadə, şəffaflıq və hesabatlılığın təmini, bələdiyyə idarəçiliyi və digər məsələləri əhatə edir.
Vurğulanıb ki, təhlillərin nəticələrinə əsasən, yerli özünüidarəetmə fəaliyyətində yol verilən aşağıdakı səciyyəvi nöqsanları göstərmək olar:
- Bələdiyyənin adından başqalarına hüquq verən saxta sənədlərin hazırlanması;
- Bələdiyyə mülkiyyətinə aid torpaq sahələrinin saxta sənədlər əsasında satılması;
- Bələdiyyənin vəzifəli şəxsləri tərəfindən bələdiyyə əmlakı barəsində təkbaşına qərar verilməsi;
- Bələdiyyənin vəzifəli şəxsləri tərəfindən bələdiyyə torpaqlarının istifadəsi və mühafizəsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməməsi;
- Bələdiyyə əmlakının mənimsənilməsi və ya israf edilməsi;
- Bələdiyyə mülkiyyətində olan torpaq sahələri fərdi yaşayış evinin tikintisi üçün bilavasitə satıldıqda qiymətinin, habelə hərraca və ya müsabiqəyə çıxarılan torpaqların ilkin qiymətinin bazar qiyməti nəzərə alınmadan real dəyərindən daha aşağı müəyyən edilməsi;
- Bələdiyyənin vəzifəli şəxslərinin səhlənkarlığı nəticəsində yerli vergi və ödənişlərin, o cümlədən icarə haqlarının toplanması işi aşağı səviyyədə təşkil edilməklə bələdiyyənin maliyyə vəziyyətinin əsaslı şəkildə pisləşməsi.
Bələdiyyələrin fəaliyyəti ilə bağlı vətəndaş şikayətlərinin əsas səbəbləri araşdırılıb və təhlil nəticəsində məlum olub ki:
- Bakı şəhəri üzrə bələdiyyələr tərəfindən əsasən ötən dövrlərdə qanunsuz torpaq sahələrinin ayrılması, vergitutma obyektlərinin uçotu və yerli vergilərin hesablanmasında qanunvericiliyin tələblərinin pozulması, yerli əhəmiyyətli məsələlərin həlli, o cümlədən abadlaşdırma və yaşılıqların mühafizəsi ilə bağlı vəzifələrinin lazımi səviyyədə yerinə yetirilməməsi hallarına rast gəlinir;
- Region bələdiyyələri tərəfindən əsasən torpaq sahəsinin ayrılması ilə bağlı qanunvericiliyin tələblərinə əməl edilməməsi, bələdiyyə torpaqlarının zəbt edilməsi, yaxud təyinatından kənar istifadə edilməsi, qeyri-qanuni istifadə olunan, habelə icarə müddəti bitmiş torpaqların bələdiyyənin sahibliyinə qaytarılması və dəymiş ziyanın ödənilməsi istiqamətində hər hansı tədbir görülməməsi kimi nöqsanlara yol verilir.
Əlavə edilib ki, bu şikayətlərin əsas səbəbi əhalinin bələdiyyə torpaqlarının ayrılması ilə bağlı qanunvericiliyin tələblərini bilməməsi, bələdiyyələrdə mülkiyyətlərinə aid torpaqlar barədə ətraflı məlumatın olmaması, torpaqayırma prosedurlarının uzun müddət tələb etməsi, bələdiyyə torpaqları üzərində nəzarətin, o cümlədən torpaqların mühafizəsinin düzgün təşkil edilməməsi, bəzən isə bələdiyyələrin vəzifəli şəxslərinin bələdiyyə torpaqlarından qanunsuz istifadəyə şərait yaratmasıdır.
Qeyd edilib ki, inzibati nəzarət zamanı müəyyən edilmiş hüquq pozuntuları və nöqsanların aradan qaldırılması və ya təkrar törədilməsinin qarşısının alınması məqsədilə ayrı-ayrı bələdiyyələrə müxtəlif məsələləri (bələdiyyə aktlarının qəbulu, yerli büdcə layihəsinin müzakirəsi və təsdiqi, büdcə vəsaitlərindən istifadə, yerli vergilərin hesablanması, bələdiyyə torpaqlarının idarə olunması, şəffaflığın təmini, bələdiyyələrin daimi komissiyalarının aktiv fəaliyyətinin təmin olunması, icra aparatının düzgün təşkili, icra sənədinin icraya yönəldilməsinin xüsusiyyətlərinə riayət olunması və s.) əhatə edən tövsiyələr hazırlanaraq göndərilib.
