Bakı. Trend:
2025-ci ildə həyata keçirilən tədbirlər ölkəmizdə bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsinə, yerli özünüidarəetmə orqanı kimi nüfuzunun artırılmasına, o cümlədən bələdiyyələrin maliyyə vəziyyətinin yaxşılaşdırılmasına yönəlib.
Trend xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov komitənin bugünkü iclasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı Ədliyyə Nazirliyinin 2025-ci il üzrə illik məruzəsinin müzakirəsi zamanı deyib.
Komitə sədri vurğulayıb ki, bələdiyyələrin fəaliyyətinin müasir dövrün tələblərinə uyğunlaşdırılması, yerli əhali ilə münasibətlərdə daha effektiv bir quruma çevrilməsi üçün bu və ya digər problemlərin həlli məqsədilə səyləri birləşdirmək, zəruri tədbirlər görmək çox vacibdir.
Millət vəkili əlavə edib ki, yerli özünüidarəetmənin daha səmərəli və funksional institut kimi formalaşdırılması məqsədilə bir sıra təkliflərin irəli sürülməsi məqsədəuyğun hesab edilir.
“Belə ki, bələdiyyələrin maliyyə müstəqilliyinin gücləndirilməsi, onların gəlir mənbələrinin genişləndirilməsi və maliyyə intizamının artırılması istiqamətində əlavə mexanizmlərin tətbiqi vacibdir.
Bununla yanaşı, bələdiyyə üzvləri və qulluqçuları üçün davamlı peşəkar hazırlıq və ixtisasartırma proqramlarının genişləndirilməsi, rəqəmsal idarəetmə alətlərinin tətbiqinin dərinləşdirilməsi, şəffaflıq və hesabatlılığın artırılması mühüm əhəmiyyət kəsb edir.
Eyni zamanda, bələdiyyələrlə icra hakimiyyəti orqanları arasında səlahiyyət bölgüsünün daha dəqiq tənzimlənməsi, ictimai iştirakçılığın və vətəndaş nəzarətinin gücləndirilməsi yerli əhali ilə qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edəcək. Bu istiqamətdə ardıcıl və sistemli tədbirlərin davam etdirilməsi bələdiyyələrin nüfuzunun artırılmasına və yerli özünüidarəetmənin real inkişafına mühüm töhfə verəcək”, - deyə S.Novruzov fikrini tamamlayıb.
