Bakı. Trend:
Yerli özünüidarəetmənin daha səmərəli və funksional institut kimi formalaşdırılması üçün sistemli islahatların həyata keçirilməsi zəruridir. Bələdiyyələrin fəaliyyətini kompleks tənzimləyən yeni qanunvericilik bazasının hazırlanması və seçki mexanizmlərinin daha çevik, rəqabətli əsaslarla təşkili məqsədəuyğundur.
Trend xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin bugünkü plenar iclasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı Ədliyyə Nazirliyinin 2025-ci il üzrə illik məruzəsinin müzakirəsi zamanı deyib.
Komitə sədri bildirib ki, institusional sabitliyin təmin edilməsi üçün dövlət qulluqçularının statusuna uyğun sabit bələdiyyə qulluqçuları korpusunun, o cümlədən icra katibliyi və aparat əməkdaşlarının formalaşdırılması vacibdir. Eyni zamanda, iri şəhərlərdə vahid “Böyük şəhər bələdiyyəsi” modelinin yaradılması imkanları nəzərdən keçirilməlidir.
“Bələdiyyələrin onlayn iclas keçirmək səlahiyyətinin qanunvericiliklə təsbit olunması, ərazi sərhədlərini əks etdirən xəritələrin rəsmi qaydada təqdim edilməsi idarəetmənin effektivliyini artıracaq.
Maliyyə dayanıqlığının gücləndirilməsi məqsədilə məişət tullantılarının idarə olunması səlahiyyətlərinin müvafiq resurslarla birlikdə bələdiyyələrə verilməsi, tullantı poliqonlarının iri şəhər bələdiyyələrinin idarəetməsinə ötürülməsi, vergi və icarə haqlarının iqtisadi əsaslarla müəyyənləşdirilməsi, habelə vergi intizamının təmin edilməsi üçün sanksiya mexanizmlərinin tətbiqi nəzərdən keçirilə bilər.
Bununla yanaşı, qəbiristanlıqların bələdiyyələrin balansına verilməsi və “Bələdiyyələrin operativ təminat fondu”nun yaradılması yerli problemlərin çevik həllinə xidmət edəcək”, - deyə S.Novruzov qeyd edib.
