Ağdam. Trend:
Media nümayəndələri Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin mina əleyhinə Xüsusi təyinatlı alayının Ağdamda minalı ərazilərdə apardığı mina təmizləmə işləri ilə tanış olub.
Trend-in Qarabağ bürosunun xəbərinə görə, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin Pirotexniki və İstehkam Şöbəsinin rəisi Ələkbər Ələkbərov jurnalistlərə açqlamasında bildirib ki, təmizləmə işləri keçmiş qoşunların qarşıdurma xəttinin yaxınlığında aparılır.
"İşğaldan azad edilən ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri ilə yanaşı, minatəmizləmə fəaliyyəti də sürətlə davam etdirilməkdədir. Bu prosesdə digər dövlət orqanları ilə yanaşı FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin mina əleyhinə Xüsusi təyinatlı alayının da qüvvə və vasitələri fəal şəkildə iştirak edir. Tapşırıqların icrasına cəlb edilən şəxsi heyət beynəlxalq səviyyəli təlimlərdə edərək müvafiq qaydada sertifikatla təmin ediliblər. Həm kinoloji xidmətin kineloq təlimatları eyni zamanda minaaxtaran itlərlə Xüsusi təlimlərə cəlb edildikdən sonra, müvafiq sertifikatlara təmin ediliblər", - deyə şöbə rəisi bildirib.
Ə. Ələkbərov onu da qeyd edib ki, Qarabağa səfər edən və ərazidə çalışan vətəndaşlar icazə olmayan və marşrutdan kənar ərazilərdə hərəkət etməsinlər.
