Sentyabrın 4-də Bakıya səfəri nəzərdə tutulmuş Avropa Şurası Parlament Assambleyasının (AŞPA) katibi Terri Devisə Yeni Müsavat Partiyasının fəalı Pirəli Orucovun həbsi ilə bağlı müraciət hazırlanır. Bu barədə Trend ə Pirəli Orucovun hüquqlarını müdafiə komitəsinin sədri İsaxan Aşurov məlumat verib.
İ.Aşurovun sözlərinə görə, bu yaxınlarda Azərbaycanın bir sıra hüquq müdafiə təşkilatlarının rəhbərləri xoş məram nümayiş etdiriblər. 11 iyul 2005-ci il tarixdə hüquq müdafiəçiləri ilə hakimiyyət arasında siyasi məhbuslar probleminin AŞPA-nın yay sessiyasında müzakirə olunmadan ölkədə həll ediləcəyinə və siyasi təqiblərə son qoyulacağına dair məlum memorandum imzalanıb.
Ancaq elə həmin sazişin növbəti günü - iyulun 12-də Yeni Müsavat partiyasının fəalı, əvvəllər hüquq-mühafizə orqanlarında çalışmış Pirəli Orucov həbs edilib. İ.Aşurov bildirib ki, AŞPA katibinə təqdim olunacaq sənədlər də P.Orucovun məhz siyasi baxışlarına görə həbs olunması ilə bağlıdır.
AŞPA katibinə müraciətdə bildirilir ki: "Müsavat Partiyasının fəalı Pirəli Orucov haqqında heç bir mötəbər sübut olmladan yalnız siyasi mənsubiyyətinə görə təhlükəsizlik orqanları tərəfindən əsassız olaraq tutulub və üç aya yaxındır ki, həbsdə qanunsuz saxlanılır.
Göstərilənləri nəzərə alaraq onun həbsdən azad edilməsi məsələsinin Azərbaycan hakimiyyəti ilə müzakirə edilməsinin mümkünlüyünü nəzərdən keçirməyinizi xahiş edirik".