...

31 Mart Azərbaycanlıların Soyqırımv günü ilə bağlı dünyanın bir çox ölkələrində aksiyalar keçiriləcək

Cəmiyyət Materials 29 Mart 2006 15:48 (UTC +04:00)

Trend-i buradan izləyin

31 Mart Azərbaycanlıların Soyqırımı günü ilə bağlı dünyanın bir çox ölkələrində, MDB respublikalarında, Avropa ölkələrində, Rusiya Federasiyasında, Orta Asiya respublikalarında, ABŞ, Kanada, Avstraliya və digər ölkələrdə bir sıra tədbirlərin, elmi-praktik konfransların, etiraz aksiyalarının keçirilməsi planlaşdırılır. Bu barədə Trend ə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

İsveçin Stokholm şəhərində fəaliyyət göstərən "Azərbaycan Naminə" cəmiyyət tərəfindən martın 31-də saat 16:00-da böyük mitinq keçiriləcək. Mitinqdə ermənilərin xalqımıza qarşı törətdiyi soyqırım aktlarına etiraz ifadə edən şüarlar səsləndirələcək və beynəlxalq təşkilatlara müraciət qəbul olunacaq. Ukraynanın paytaxtı Kiyev şəhərinin mərkəzi meydanlarından biri olan Boqdan Xmelenits meydanında Azərbaycanlıların Soyqırımı günü ilə bağlı etiraz aksiyası keçiriləcək. Aksiyanı Azərbaycan Respublikasının Ukraynadakı Səfirliyi və Ukrayna Azərbaycanlıları Konqresi birlikdə təşkil ediblər. Aksiyanın sonunda kütləvi informasiya vasitələrinin nümayəndələri üçün mətbuat konfransı keçiriləcək, ermənilərin azərbaycanlılara qarşı törətdikləri terror və soyqırım aktları ilə bağlı məlumat veriləcək.

Estoniyadakı "Aydan" Azərbaycan Mədəniyyət Mərkəzinin və "Bakılı" klubunun birgə təşkilatçılığı ilə Tallin şəhərinin mərkəzi meydanlarının birində etiraz yürüşü təşkil olunacaq. Aksiyada Estoniya parlamentinin üzvləri, Azərbaycan icmalarının, habelə, Estoniyadakı digər xalqların diaspor təşkilatlarının nümayəndələri, Türkiyə səfirliyinin əməkdaşlarının, tanınmış ictimai xadimlərin iştirak edəcəyi gözlənilir. Aksiyanın sonunda Azərbaycanlıların soyqırımı günü ilə bağlı mətbuat konfransı keçirələcək.

Martın 31-də İstanbul şəhərində, Sarachanə Parkında Azərbaycan Kültür və Dayanışma Dərnəyi tərəfindən miting keçiriləcək. Aprelin 1-də isə İstanbuldakı "Swiss" otelində soyqırım mövzusuna həsr olunmuş konfrans təşkil olunacaq. Martın 31-də Ankarada soyqırım qurbanlarının xatirəsinin anım mərasimi keçiriləcək. Həmin gün Adana şəhərində, Adana Azərbaycan Kültür və Dayanışma Dərnəyi tərəfindən 31 Mart Soyqrımı Günü ilə əlaqədar anma mərasimi keçiriləcək.

Martın 30-da Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində fəaliyyət göstərən Azərbaycan Cəmiyyəti tərəfindən "Dubai JW-Marriott" otelində 31 Mart Azərbaycanlıların Soyqrımı Günü ilə əlaqədar tədbir keçiriləcək. Yaponiyanın Osaka şəhərində Azərbaycan-Yaponiya Dostluq Cəmiyyəti tərəfindən də soyqırımla bağlı tədbir təşkil olunacaq. Kanadada 31 mart soyqırım faciəsi barədə məlumatları və bu soyqırım aktını tanımağa çağıran müraciəti əks etdirən açıqcalar hazırlanaraq yaxın günlərdə bütün parlament üzvlərinə, beynəlxalq təşkilatlara göndəriləcək. Bu açıqcalar Kanadada keçiriləcək mitinqdə də paylanılacaq. Avstraliyanın Sidney şəhərində fəaliyyət göstərən Avstraliya - Azərbaycan Assosiyasiyası tərəfindən paytaxt Kanberrada parlament binasının qarşısında 31 mart soyqırımı ilə bağlı mitinq keçirilməsi nəzərdə tutulub. Tədbirdə faciənin dəhşətlərini sübut edən fotoşəkillər və "Armenian terror" adlı sənədli film nümayiş etdiriləcək.

31 Mart Azərbaycanlıların Soyqırımı günü həmçinin adları çəkilməyən digər ölkələrdə də qeyd olunacaq.

Xəbər lenti

Xəbər lenti