İnsan alverinin qurbanlarına psixoloji, tibbi və hüquqi yardımın göstərilməsi məqsədilə Bakıda sığınacaq yaradılıb. Bu barədə Trend ə DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi tərkibində fəaliyyət göstərən İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi Zaur Fətəliyev məlumat verib.
Gələcəkdə bu sığınacağın eyni zamanda insan alveri qurbanlarının təhlükəsiliyinin təmin olunmasında da böyük rolu olacaq. Sığınacağın yeri ATƏT-in Bakı ofisinin və Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin əməkdaşları ilə birgə müəyyən edilib. Hazırda sığınacağın təmiri başa çatıb və onun ştatı komplektləşdirmə mərhələsindədir. Yeni qəbul ediləcək əməkdaşlar üçün təlimlərin keçirilməsi planlaşdırılır. Sığınacaq üçün zəruri olan xüsusi avadanlıqlarla təchizat məsələsi həll olunmaqdadır. Orada yeni "qaynar xətt" açılması da nəzərdə tutulub.
Hazırda isə "Təmiz dünya" qeyri-hökumət təşkilatının ofisində 24 saat fəaliyyət göstərən 050-511-11-51 nömrəli telefon "yardım xətti", həmçinin İAQMİ-də 490-90-75 nömrəli telefon "qaynar xətt"i fəaliyyət göstərir.