...

Uşaq qaynar xətləri xidmətinin təşkilinə həsr olunmuş milli konfrans keçiriləcək

Cəmiyyət Materials 6 İyun 2006 13:08 (UTC +04:00)

İyunun 16-da Bakıda Uşaq qaynar xətləri xidmətinin təşkilinə və fəaliyyət perspektivlərinə həsr olunmuş milli konfrans keçiriləcək. Bu barədə Trend ə Uşaq Hüquqları üzrə QHT Alyansının Azərbaycan üzrə milli koordinatoru Nabil Seyidov məlumat verib.

ATƏT-in dəstəyi ilə keçiriləcək konfransda Beynəlxalq Uşaq Qaynar Xətləri Təşkilatının dəstəyi ilə Azərbaycanda uşaq qaynar xətləri xidmətinin yaradılması məsələləri müzakirə olunacaq və bu sahədə fəaliyyət istiqamətləri müəyyənləşdiriləcək.

Belə bir xəttin yaradılmasında məqsəd fiziki və cinsi zorakılığa məruz qalan uşaqların müvafiq orqanlarla əlaqə yaratmasını, qaynar xətt vasitəsi ilə həmin uşaqlara psixoloji, hüquqi yardımların göstərilməsini təmin etməkdir.

Konfransın işində Beynəlxalq uşaq qaynar xətləri təşkilatının (OSYE) dunya ölkələri üzrə direktoru xanım Çeroo Billimoria və təşkilatın Avropa və Asiya ölkələri proqramları üzrə rəhbəri xanım Trin Eriksenin, o cümlədən, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin, İnformasiya Texnologiyaları Nazirliyinin, Təhsil Nazirliyinin, Sosial Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin və Respublika Baş Prokurorluğunun səlahiyyətli nümayəndələri iştirak edəcəklər.

Tədbirdən sonra xanım Çeroo Billimorianın və xanım Trin Erikseninin Nazirlər Kabinetində, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində, Rabitə və İnformasiya Texnologiyaları, Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərində görüşləri planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti