GUAM-ın turizm üzrə işçi qrupunun üzvləri iyunun 10-da Batumidə görüşəcək.
Trend agentliyinin Tbilisidəki xüsusi müxbiri Gürcüstanın Turizm Departamentinin rəis müavini Giorgi Kuparadzeyə istinadən xəbər verir ki, bu gün Gürcüstan, Azərbaycan, Ukrayna və Moldovanın turizm qurumlarının nümayəndələri regionda turizmin inkişafı ilə bağlı tədbirləri müzakirə edəcək. Onun sözlərinə görə, belə görüşlər dövri xarakter daşıyır.
Batumi görüşündə "şərab turizmi", dağ turizmi və dəniz turizminin perspektivləri müzakirə olunacaq.
GUAM ölkələri son iki müşavirəni Kişinyovda keçirib və növbəti görüşü Gürcüstanda təşkil etmyəi qərarlaşdırıb.
İlkin olaraq GUAM-ın məsləhətləşmələri iyunun 21-22-də keçirilməli idi, lakin Q.Kuparadzenin bildirdiyinə görə, bu tarix bütün görüş iştirakçılarını təmin etmədi. Onun sözlərinə görə, Batumi görüşünün formatının genişləndirilməsi də istisna deyil.
Xüsusilə, o bəyan edib ki, dəvətnamələr Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələrinə də paylanıb. "Biz son cavabı gözləyirik və bundan sonra görüşün gündəliyi müəyyənləşəcək" - deyə Q.Kuparadze bildirib.