...

Azərbaycan elmi-texnoloji imkanlar üzrə dünyada 38-ci yeri tutaraq, Çin, Hindistan və CAR-ı geridə qoyub

Cəmiyyət Materials 7 İyul 2006 17:26 (UTC +04:00)

RAND korporasiyası "Qlobal Texnoloji inqilab 2020" (Global Technology Revolution 2020) adlı iri həcmli tədqiqat dərc edib. Trend in verdiyi xəbərə görə, bu tədqiqatda yaxın on beş il ərzində elm və texnikanın necə inkişaf edəcəyinin proqnozu verilib.

Məruzəyə dünya ölkələrinin müasir elmi və texnoloji imkanlarının icmal reytinqi daxil olub və burada əhalinin 1 milyonuna düşən alim və mühəndislərin sayı, dərc olunmuş elmi məqalələrin sayı, elmə xərclənən vəsaitlər, alınmış patentlərin miqdarı və s. kimi amillər təhlil olunub. Reytinqin hazırlanması zamanı 1992-ci ildən 2004-cü ilə qədər məlumatlardan istifadə olunub. Bu reytinqə əsasən, yeni material və texnologiyaların yaradılmasında, həmçinin onların təcrübədə tətbiqində ən böyük potensiala ABŞ malikdir (5.03 xal alıb). ABŞ onu təqib edənləri xeyli qabaqlayır. İkinci yeri tutmuş Yaponiya yalnız 3.08 xal, Almaniya (üçüncü yer) isə 2.12 xal alıb. İlk onluğa Kanada (2.08), Tayvan (2.00), İsveç (1.97), Böyük Britaniya (1.73), Fransa və İsveçrə (hər biri 1.60), İsrail (1.53) daxil olub.

Rusiya keçmiş sovet dövlətləri arasında birinci olub və reytinqin yekunlarına görə 19-cu yeri tutub (0.89). Ukrayna 29-cu yeri tutub (0.32), onun ardınca isə Belorusiya gəlir (0.29). Onlar Çexiya və Xorvatiyanı geridə qoyublar. Estoniya 34-cü (0.20), Litva- 36-cı (0.16), Azərbaycan isə 38-ci yerdədir (0.11). Bu ölkələr elm və texnologiya cəhətdən kifayət qədər güclü olan Çin, Hindistan, CAR və Braziliyanı keçib. Özbəkistan 48-ci yeri tutub və elmi-texnoloji potensialı mənfi kəmiyyətlərlə ölçülən ilk ölkə olub (-0.05). Ondan sonrakı yerlərdə Latviya (-0.07), 53-cü yeri tutmuş Moldova (-0.14), 57-ci yeri tutmuş Ermənistan (-0.19), 71-ci yeri tutmuş Türkmənistan (-0.30), 76-cı yeri tutmuş Qırgızıstan (-0.32), 80-ci yeri tutmuş Tacikistan (- 0.34), 85-ci yeri tutmuş Qazaxıstan (- 0.38), 100-cü yeri tutmuş Gürcüstan (- 0.44) dayanıb. Reytinqdəki son yerləri hər biri -0.51 xal toplamış Eritreya, Çad, Laos, Şimali Koreya, Qabon kimi dövlətlər tutub.

RAND elmi-texnoloji inkişafın 16 ən çox ümid verən istiqamətlərinin adını çəkib. Onların arasında ucuz günəş enerjisi, simsiz rabitə texnologiyaları, genetik şəklini dəyişmiş bitkilər, su təmizləmə metodları, ucuz yaşayış tikintisi, ekoloji cəhətdən təmiz sənaye istehsalı, "hibrid" avtomobillər (yəni yanacaq qismində nəinki benzindən, həm də elektrik enerjisindən və s. istifadə edən avtomobillər), "nöqtə" təsirli tibb preparatları, canlı orqanizm toxumalarının süni istehsalı və s. var.

Məruzənin əsas nəticəsi budur: yaxın on beş il ərzində elmi-texnoloji tərəqqinin templərinin azalacağının heç bir əlaməti yoxdur. Bununla yanaşı, bir sıra texnologiya və kəşflər insan sivilizasiyası üçün təhlükə yarada bilər. Yaxın on beş il ərzində Çin, Hindistan və Şərqi Avropa ölkələrinin inamlı tərəqqisi gözlənilir.

Xəbər lenti

Xəbər lenti