...

Azərbaycanın Səhiyyə Nazirliyi daha bir özəl tibb mərkəzinin fəaliyyətini dayandırıb

Cəmiyyət Materials 24 İyul 2006 15:37 (UTC +04:00)

Səhiyyə Nazirliyi tərəfindən yaradılmış komissiya İqtisadi İnkişaf Nazirliyinin nümayəndəsinin iştirakı ilə "Medservis" özəl tibb mərkəzi MMC və "Sağlamlıq və Gözəllik mərkəzi" MMC-nin tibbi fəaliyyətlərini yoxlayıb. Bu barədə Trend Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.

Yoxlamalar zamanı Medservis" özəl tibb mərkəzində təşkilati metodik işlərin düzgün qurulmaması, kadr seçiminin düzgün aparılmaması, Nazirlər Kabinetinin qərarına uyğun olaraq ixtisasçıların stajının tələblərə cavab verməməsi kimi qüsurlar aşkar edilib.

Bundan başqa müəssisənin istifadə etdiyi materialların tullantılarının da zərərsizləşdirilmədən ümumi zibilliyə atılması faktı da müəyyən edilib.

Qeyd edək ki, hal-hazırda "Medservis" özəl tibb mərkəzində 50-dən yuxarı xəstənin hemodializ müalicəsindən keçdiyini nəzərə alaraq mərkəzə xəbərdarlıq olunub və nöqsanların aradan qaldırılması üçün 10 gün vaxt verilib.

Digər müəssisə, "Sağlamlıq və Gözəllik mərkəzi" ("Iital" klinika) MMC-də aparılan yoxlamar nəticəsində isə analoji nöqsanlarla yanaşı, Mərkəzə yalnız ambulator müayinə-müalicə xidməti göstərməsi üçün lisenziya verilməsinə baxmayaraq eyni zamanda orada plazmafarez və cərrahi əməliyyatların da aparılması faktı aşkar olunub.

Digər qüsurlar isə sanitariya əksepidemik rejimə riayət olunmaması, istifadə müddəti bitmiş reaktivlərin aşkar olunması, müəssisədə istifadə olunan cihaz və avadanlıqlara Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin rəy verməməsi olub.

"Sağlamlıq və Gözəllik mərkəzi" MMC-nin tibbi fəaliyyəti 17 iyul 2006-cı ildə dayandırılıb və aşkar olunmuş ciddi nöqsanlar qısa müddət ərzində aradan qaldırıldıqdan sonra mərkəz öz fəaliyyətini bərpa edə bilər.

Xəbər lenti

Xəbər lenti