Cari ilin birinci yarısının ən yaxşı azərbaycanlı idmançıları Bakı Əyləncə Mərkəzində keçirilmiş təntənəli mərasimdə Gənclər və İdman Nazirliyi tərəfindən qiymətli mükafatlar alıb.
Trend in xəbər verdiyi kimi, tədbiri idarənin başçısı Azad Rəhimov açıb. O qeyd edib ki, yerli atletlər indiki mövsümdə beynəlxalq arenada uğurlu çıxış etməkdə davam ediblər. "Sizin sonda hansı yeri tutacağınızın heç bir fərqi yoxdur, əsas odur ki, siz Azərbaycanın bayrağını qaldırırsınız. Ona görə də yaxın illərdə qarşımıza qoyduğumuz əsas məqsəd lisenziyanın qazanılması və Pekində keçiriləcək Olimpiadada uğurlu çıxış etməkdən ibarətdir", - deyə A.Rəhimov qeyd edib.
Qeyd etmək lazımdır ki, 250 manatdan 5000 manata qədər olan pul mükafatlarına Avropa çempionatlarında və olimpiya idman növləri üzrə digər mühüm yarışlarda fərqlənmiş atletlər layiq görülüblər. Onların arasında taykvando üzrə Avropa çempionu İlkin Şahbazov, cüdoist Elnur Məmmədli, boksçular Şahin İmranov, Samir Məmmədov və Elçin Əlizadə, güləşçilər Namiq Abdullayev, Fuad Əliyev, Rövşən Bayramov və bir çox digər idmançılar var.