Avqustun 14-də jurnalist-satirik Sakit Zahidovun hüquqlarını müdafiə komitəsinin növbəti toplantısı keçirilib. Bu barədə Trend ə Müstəqil Jurnalistlər Liqasının rəhbəri Yadigar Məmmədli məlumat verib.
Toplantıda qəzet redaktorları, jurnalist təşkilatların rəhbərləri, hüquq müdafiəçiləri iştirak ediblər.
Y.Məmmədlinin sözlərinə görə, iclasda Sakit Zahidovla bərabər "Milli yol" qəzetinin baş redaktoru Şahin Ağabəylinin də həbsi, onun barəsində davam edən məhkəmə prosesləri müzakirə edilib. Ş.Ağabəylinin həbs edilməsinə etiraz olaraq aclıq aksiyası keçirdiyini bildirilib, həmçinin onun barəsindəki növbəti iddia ilə bağlı bu gün keçirilən məhkəmə prosesində bəzi pozuntlara yol verildiyi qeyd olunub.
Müdafiə komitəsi jurnalistlərin həbsi, söz azadlığının bugünkü durumu ilə bağlı bəyanat qəbul edib. Həmçinin qərara alınıb ki, jurnalistlərin həbsi, söz azadlığının durumu ilə bağlı hesabat yaxın günlərdə Bakıya səfəri gözlənilən ABŞ Senatının xarici əlaqələr komitəsinin sədri Riçard Luqara təqdim olunsun.
R.Luqardan bu sahədəki problemləri, narahatlıq doğuran durumu görüşəcəyi rəsmi şəxslərin, dövlət başçısının diqqətinə çatdırması xahiş olunacaq.