...

KİV rəhbərləri ilə daxili işlər naziri Ramil Usubovun görüşü keçirilib

Cəmiyyət Materials 19 Avqust 2006 14:13 (UTC +04:00)

Avqustun 19-da Daxili İşlər Nazirliyində kütləvi informasiya vasitələri (KİV) rəhbərlərinin nazir Ramil Usubovla görüşü keçirilib. Bu barədə Trend ə Azərbaycan Jurnalistlər Birliyinin sədri, "Ayna-Zerkalo" qəzetinin baş redaktoru Elçin Şıxlı məlumat verib.

Görüşdə Azərbaycanda fəaliyyət göstərən informasiya agentliklərinin, jurnalist təşkilatlarının rəhbərləri, qəzetlərin baş redaktorları, Mətbuat Şurası İdarə Heyətinin üzvləri, həmçinin nazirliyin nümayəndələri iştirak ediblər. E.Şıxlının sözlərinə görə, "dəyirmi masa"da son zamanlar jurnalistlərin həbs olunmsası, məhkəməyə verilməsi, jurnalist-polis münasibətləri barədə müzakirələr aparılıb. Tərəfləri maraqlandıran və narahat edən məsələlərlə bağlı qarşılıqlı fikir mübadiləsi aparılıb.

"Biz jurnalistlərin həbsi məsələsi ilə bağlı narahatlığımızı nazirin diqqətinə çatdırdıq, belə hallara yol verilməməsini, həbs edilən jurnalistlərin barəsində çıxarılan həbs qətiimkan tədbirinin dəyişdirilməsini xahiş etdik. Nazir Ramil Usubov da bildirdi ki, barəsində yalan məlumatlar yazan jurnalistlər təkzib verib üzr istəyəcəkləri təqdirdə onların həbs olunması ilə bağlı iddiasından imtina edəcək"-deyə E.Şıxlı bildirib.

Onun sözlərinə görə, görüşdə qarşılıqlı şəkildə anlaşmaya gəlinib ki, jurnalistlər yanlış məlumatlardan, qeyri-dəqiq faktlardan istifadə etməməli, həmçinin nazirliyin mətbuat xidməti KİV-lərlə daha sıx işləməli, jurnalistlər düzgün məlumatlarla təmin edilməlidirlər. E.Şıxlı görüşün məhsuldar keçdiyini və bu təşəbbüsü müsbət qiymətləndirdiyini deyib.

Xəbər lenti

Xəbər lenti