...

"Azərbaycanda KİV-lərin və jurnalistlərin problemləri" mövzusunda dəyirmi masa keçirilib

Cəmiyyət Materials 29 Sentyabr 2006 13:38 (UTC +04:00)

Sentyabrın 29-da Beynəlxalq Mətbuat Mərkəzində Sülh və Demokratiya İnstitutu və "Düşüncə mərkəzi"nin birgə təşkilatçılığı ilə "Azərbaycanda KİV-lərin və jurnalistlərin problemləri" mövzusunda dəyirmi masa keçirilib. Trend in məlumatına görə, toplantıda jurnalist təşkilatlarının, kültəvi informasiya vasitələrinin (KİV) rəhbərləri, hüquq müdafiəçiləri, hüquqşünaslar iştirak ediblər.

Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus bildirib ki, Azərbaycanda KİV-lərin iqtisadi durumu, jurnalistlərin məlumat alması sahəsində ciddi problemlər var. O, bəzi jurnalistlərin həbsi, bəzilərinin barələrində çıxarılan məhkəmə hökmləri, həmçinin jurnalistlərə peşə fəalyyətləri ilə əlaqədar edilən təzyiqlər barədə də danışıb.

Toplantıda çıxış edən hüquqşünaslar, media orqanlarının rəhbərləri KİV-lərin iqtisadi durumunun əlverişli olmadığını, diffamasiya (mətbuatda bir şəxsi ləkələyici məlumatların dərc olunması) sahəsində, həmçinin informasiya mənbələrindən istifadə edilməsində ciddi problemlərin mövcud olduğunu qeyd ediblər. Bildirilib ki, KİV-lərin iqtisadi müstəqilliyini təmin etmək üçün əlverişli biznes mühiti və reklam bazarı yaradılmalı, "İnformasiya əldə etmək haqqında" qanun pozulduğu üçün məsuliyyət növlərini nəzərdə tutan qanunvericilik aktları qəbul edilməli, dövlət KİV-lərin iqtisadi vəziyyətinin sağlamlaşdırılması üçün tədbirlər görməlidir.

Sonda bu məzmunda təkliflər əks olunmaqla dövlət başçısına dəyirmi masa iştiakçıları adından müraciət qəbul olunub.

Xəbər lenti

Xəbər lenti