...

Kamil Sədrəddinov: Mən Hacı Məmmədovun törətdiyi cinayətlərdən xəbərsiz olmuşam

Cəmiyyət Materials 11 Oktyabr 2006 15:05 (UTC +04:00)

Oktybarın 11-də Hacı Məmmədovun məhkəməsində ifadə verən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsinin əmlak cinayətlərinə qarşı mübarizə şöbəsinin keçmiş rəisi Kamil Sədrəddinov ifadə verərək bildirib ki, Hacı Məmmədovun törətdiyi cinayətlərdən xəbəri olmayıb. Trend xəbər verir ki, DİN Baş Cinayət Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədov və onun başçılıq etdiyi 25 nəfərdən ibarət bandanın cinayət işi üzrə məhkəmə istintaqı Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Məhkəməsində hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilir.

Kamil Sədrəddinov ibtidai istintaq zamanı verdiyi ifadələrdən və ona qarşı irəli sürülmüş çoxsaylı epizodlar üzrə ittihamlardan imtina edib. "Həmin ifadələr məndən təzyiq yolu ilə alınıb. Mən Hacı Məmmədovun törətdiyi cinayətlərdən xəbərsiz olmuşam. Yalnız son vaxtlar Hacı Məmmədov işə gəlmədiyinə görə ona irad tutmuşam. Həmin vaxt Hacı məni hədələdi, dedi ki, mənim himayədarlarım güclüdür və sənin poqonlarını sökdürüb orqandan qovduraram. Bizim böyük mübahisəmiz oldu" - deyə K.Sədrəddinov bildirib.

Təqsirləndirilən şəxs məhkəmə zalında Hacı Məmmədova müraciətlə: "Hacı, onda himayədarlarına arxayın idin, indi qalx məhkəmədə həmin himayədarlarının adlarını çək" - deyə təklif edib.

K.Sədrəddinov onu da bildirib ki, 1976-cı ildə daxili işlər orqanlarında fəaliyyətə başlayıb. 1990-cı ilədək Rusiyanın daxili işlər orqanında müxtəlif vəzifələrdə çalışıb. 1990-cı ildə isə Azərbaycana qayıdıb. "Əvvəl Nəsimi rayon polis idarəsində baş əməliyyat müvəkkili işləmişəm. Sonradan fəaliyyətimi bəyənərək məni Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinə, bir müddət sonra həmin idarənin əmlak cinayətlərinə qarşı mübarizə şöbəsinə baş əməliyyat müvəkkili, daha sonra isə həmin şöbəyə rəis təyin ediblər" - deyə K.Sədrəddinov qeyd edib.

Təqsirləndirilən şəxsin sözlərinə görə, o, əmlak cinayələrinə qarşı mübarizə şöbəsinə təyin olunanda artıq Hacı Məmmədov orada baş əməliyyat müvəkkili kimi çalışırmış. "Mən Hacı Məmmədovu hələ o, Abşeron rayon polis idarəsində işləyərkən nümunəvi insan kimi tanımışam. Yalnız son vaxtlar işə gəlmədiyi üçün aramızda narazılıqlar olub" - deyə K.Sədrəddinov bildirib.

Xəbər lenti

Xəbər lenti