...

Ramil Səfərov ikinci dəfə mühakimə olunaraq Budapeştin Peşt rayon məhkəməsi tərəfindən 8 ay müddətinə şərti cəzalandırıldı

Cəmiyyət Materials 17 Noyabr 2006 21:58 (UTC +04:00)

Noyabrın 17-də Azərbaycanın Silahlı Qüvvələrinin zabiti Ramil Səfərov Macarıstanda ikinci dəfə mühakimə olundu və Budapeşt şəhərinin Peşt rayon Məhkəməsi tərəfindən 8 ay müddətinə şərti cəzalandırıldı. Bu barədə Trend ə Azərbaycanın Macarıstandakı səfirliyindən məlumat verilib.

Məhkəmə iclasına hakim Tot Dyondoş sədrlik edib. R.Səfərovun hüquqlarını isə dövlət hesabına tutulmuş vəkil Klara Fişer müdafiə edib.

Qeyd edək ki, erməni zabiti Qurgen Markaryanın öldürülməsi faktı ilə əlaqədar R.Səfərov istintaq altında saxlanıldığı vaxt həbsxananın işçilərinə müqavimət göstərməkdə təqsirli bilinirdi. İttihama görə, 19 iyun 2004-cü il tarixdə həbsxana nəzarətçiləri Ramil Səfərovun kamerasına gələrək ondan telefon kartını tələb ediblər. Ramil Səfərov tələbi yerinə yetirməyib və nəticədə nəzarətçilər R.Səfərovun əllərini bağlamaq istəyərkən sonuncu onlara müqavimət göstərib.

Sonuncu məhkəmə iclasında iki şahid dindirilib, sonra dövlət ittihamçısı 30 dəqiqə çıxış edərək bildirib ki, Səfərovun ibtidai istintaqa və məhkəməyə verdiyi ifadələr arasında ziddiyyət yoxdur. O qeyd edib ki, Ramil Səfərova qarşı irəli Macarıstanın Cinayət Məcəlləsinin 229-cu (dövlət nümayəndəsinə müqavimət göstərmə) və 170-ci maddə (xəsarət yetirmə) maddələri ilə ittihamlar irəli sürülüb, və bu ittihamlara görə qanunda 3 il cəza nəzərdə tutulur. Prokuror konkret rəqəm göstərmədən Ramil Səfərov üçün məhkəmədən müddətli cəza tələb edib.

Ramil Səfərovun vəkili Klara Fişer 1 saat 30 dəqiqə çıxış edib. O, şahidlərin və iddiaçı tərəfin ifadələrində ziddiyyətlər olduğu üçün cinayət işinə xitam verilməsini tələb edib.

Ramil Səfərov isə son söz söyləyərkən qeyd edib ki, həbsinin ilk vaxtı olduğuna görə macar dilini bilməyib və qarşıdurma baş verib. O, həmçinin bildirib ki, iddiaçı tərəfin (nəzarətçilərin) onun Qurgen Markaryanı öldürməsi ilə bağlı şəxsi qərəzlikləri olub. Hadisənin üstündən 33 ay keçib və bu müddət ərzində onunla həmin nəzarətçilər arasında hər hansı münaqişə təkrarlanmayıb. Hakim 170-ci maddəni (xəsarət yetirmə) ləğv edib, 229-cu maddədə isə (dövlət nümayəndəsinə müqavimət) ziddiyyətlər olmasına baxmayaraq müqavimətin olduğunu bildirib və şərti olaraq Ramil Səfərova 8 ay müddətinə şərti cəza təyin edib.

Səfərovun vəkili qərardan apellyasiya şikayəti verib.

Qeyd edək ki, Ramil Səfərov Q.Markaryanı qətlə yetirdiyinə görə aprelin 13-də birinci dəfə eyni ölkənin məhkəməsi tərəfindən ömürlük həbsə məhkum edilmişdi. Bu dəfə isə o, ikinci dəfə mühakimə olunurdu.

Xəbər lenti

Xəbər lenti