...

PKK ilə əlaqədə təqsirləndirilən jurnalist Elif Pelit Azərbaycandan Türkiyəyə ekstradisiya olunub

Cəmiyyət Materials 23 Noyabr 2006 12:54 (UTC +04:00)

Türkiyənin hüquq-mühafizə orqanları tərəfindən PKK ilə əlaqədə günahlandırılan jurnalist Elif Pelit Azərbaycandan Türkiyəyə ekstradisiya olunub. Bu barədə Trend ə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəsi Vilyam Tol məlumat verib.

"Mesopotomiya" informasiya agentliyinin əməkdaşı olan Elif Pelit 2004-cü ilin noyabr ayında Türkiyə-Naxçıvan MR sərhədini qeyri-qanuni şəkildə keçərkən Naxçıvanda saxlanılıb. Bu hərəkətinə görə o, məhkəmə yolu ilə 2.000 ABŞ dolları cərimələnərək azadlığa buraxılsa da, elə məhkəmə zalındaca Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən təkrar həbs edilib. Səbəb Türkiyə Respublikasının istinqtaq orqanlarının Elif Pelitin həmin ölkəyə ekstradisiya edilməsi ilə bağlı Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarına ünvanladığı xahiş olub.

Qeyd edək ki, kürd əsilli jurnalist, Türkiyə Republikasının hüquq-mühafizə orqanları tərəfindən PPK terror təşkilatı ilə əməkdaşlıqda təqsirləndirilir. 2004-cü ildə həbs edilmiş Elif Pelitin həmin ölkəyə deportasiya olunması barədə Azərbaycan Respublikası Ağır Cinayətlərə Dair işlər Üzrə Məhkəməsi qərar çıxarıb.

Elif Pelit isə həmin qərardan yuxarı instansiya məhkəmələrinə etdiyi şikayətdə bildirib ki, PKK ilə əməkdaşlığa görə1994-96-cı illərdə barəsində Türkiyə Respublikasının istintaq orqanları tərəfindən cinayət işi qaldırılıb. Ancaq onun PKK ilə əməkdaşlığı sübuta yetirilmədiyi üçün həmin cinayət işinə xitam verilib və hazırda onun barəsində heç bir cinayət işi yoxdur. Bundan əlavə, Elif Pelit bir neçə il əvvəl Almaniya Respublikasından siyasi sığınacaq alıb və həmin ölkənin vətəndaşıdır. Onun ekstradisiyasını Azərbaycan Respublikasından yalnız vətəndaşı olduğu dövlət tələb edə bilər. Lakin yuxarı instansiya məhkəmələri onun şikayətini qəbul etməyərək ilkin instansiyanın qərarını qüvvədə saxlayıb.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı Nümayəndəliyi də Elif Pelitin Türkiyəyə ekstradisiyasının beynəlxalq konvensiyalara zidd olduğunu bildirib: "Almaniyanın Bakıdakı səfirliyi kimi BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı da 1951-ci ildə qəbul olunmuş Konvensiyaya uyğun jurnalistin olaraq qaçqın statusu aldığı Almaniyaya qaytarılması barədə öz qəti mövqeyini bildirir. Azərbaycan Respublikası 1951-ci il Konvensiyasının iştirakçısıdır və həmin Konvensiyada göstərilir ki, qaçqınlar məcburi şəkildə geri qaytarıla bilməzlər" - deyə Vilyam Tol bildirib.

Xəbər lenti

Xəbər lenti