...

Xaqani 33-ün boşaldılması barədə məhkəmə qararı icra olunur

Cəmiyyət Materials 25 Noyabr 2006 12:31 (UTC +04:00)

Noyabrın 24-də axşam saatlarından etibarən Bakı şəhəri Xaqani 33 ünvanında yerləşən binanın boşaldılmasına başlanılıb və bu gün də davam edir. Trend in məlumatına görə, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP), "Azadlıq" qəzeti və "Turan" İnformasiya Agentliyi artıq ofislərindən çıxarılıblar.

Binanın boşaldılması ilə əlaqədar Xaqani küçəsinin Azadlıq prospekti və Rəşid Behbudov küçəsi ilə kəsişmələri polis maşınları ilə bağlanıb, bu istiqamətdə küçədə nəqliyyatın hərəkəti dayandırılıb. "Xaqani 33"dəki bina polis əməkdaşları tərəfindən əhatəyə alınıb və ədliyyə polisinin, Səbail rayon polisinin müşaiyəti ilə AXCP-nin, "Turan" və "Azadlıq"ın ofislərində bütün əşyalar daşınaraq binadan çıxarılır.

Qeyd edək ki, dünən - noyabrın 24-də 1 saylı yerli İqtisad Məhkəməsi Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin Xaqani 33 ünvanındakı binanın boşaldılmasına dair iddiasını təmin edib və məhkəmə qərarı icraya yönəldilib.

Xatırladaq ki, Dövlət Əmlakının İdarə Ediməsi üzrə Dövlət Komitəsi AXCP-yə Günəşli qəsəbəsində, "Azadlıq" qəzetinə "Azərbaycan" nəşriyyatında, "Turan"a Binəqədi rayonunda müvafiq yerlər təklif edir.

Xəbər lenti

Xəbər lenti