...

"Qeyrət" Hərəkatının həmsədri Z.Qurbanov: "Gürcüstan azərbaycanlıları öz dövlətlərinin əleyhinə təxribatlarda iştirak etmədiyi üçün Rusiya onları sevmir"

Cəmiyyət Materials 19 Dekabr 2006 15:07 (UTC +04:00)

"Gürcüstan azərbaycanlıları Rusiyanın Gürcüstana qarşı təxribatlarında, heç bir planlarında iştirak etməyiblər. Ona görə də Rusiya hökuməti bu ölkədə yaşayan Gürcüstan azərbaycanlılarına soyuq münasibət göstərir". Bu fikirləri Trend ə açıqlamasında Gürcüstanda fəaliyyət göstərən "Qeyrət" Xalq Hərəkatının liderlərindən Zümrüd Qurbanov bildirib.

Onun sözlərinə görə, "Qeyrət" Hərəkatının Rusiya prezidenti V.Putinə ünvanladığı müraciətdə bildirilib ki, bu ölkədə yaşayan Gürcüstan azərbaycanlılarının geri qayıtmaları onların ailələrinə zərər vuracaq. Həmçinin siyasi cəhətdən də Azərbaycanla Rusiya münasibətlərinə xələl gətirə bilər. Müraciətdə bildirilib ki, indiyədək Rusiyada heç bir mütəşəkkil cinayətkarlıqda Gürcüstan azərbaycanlıları iştirak etməyiblər, onlar yalnız ailələrini saxlamaq üçün qazanc dalınca bu ölkəyə işləməyə gediblər. Z.Qurbanov qeyd edib ki, V.Putinə ünvanlanan müraciət Rusiyadakı Azərbaycan diasporu tərəfindən dəstəklənməli, diasporumuz sənədin ictimailəşməsində maraqlı olmalı idi: "Soydaşlarımızın hüquqlarını qorumaq üçün biz, Gürcüstanda yaşayanlar azərbaycanlılar Rusiyaya gedə bilmirik, bizə viza vermirlər. Amma soydaşlarımız özlərini müdafiə etmək üçün təşəbbüs göstərməli, fəal olmalıdırlar".

Z.Qurbanov onu da deyib ki, "Qeyrət" Hərəkatının V.Putinə ünvanladığı müraciətə baxılıbsa, müsbət cavab veriləcəyinə inanmır. Onun fikrincə, Gürcüstanda azərbaycanlıların çoxluq təşkil etdiyi Borçalı Abxaziya, Osetiya kimi münaqişə ocaqlarına çevrilmədi. Çünki Gürcüstan azərbaycanlıları indiyədək heç bir təxribata uymayıb və öz dövlətlərinə sadiq olublar. Buna görə də Rusiya Gürcüstan azərbaycanlılarını o qədər də sevmir.

Xəbər lenti

Xəbər lenti