...

Nazir müavini: Qobustan Qapalı Həbsxanasında rejim qaydalarının yüngülləşdirilməsinə dair təkliflər hazırlanacaq

Cəmiyyət Materials 6 Mart 2007 13:01 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəisi, ədliyyə nazirinin müavini Nazim Ələkbərovun Trend ə eksklüziv müsahibəsi

- Son günlər Qobustan qapalı həbsxanasında cəza çəkən ömürlük azadlıqdan məhrum edilmiş məhkumlar tərəfindən mətbuata ötürülən məktublarda həbsxanada vəziyyətin gərginləşməsi barədə məlumatlar verilir. Qobustan həbsxanasında ölüm faktlarının artdığını iddia edən məhkumlar günahkarların cəzasız qalmasından, həmin faktların obyektiv araşdırılmamasından şikayət edirlər.

- Qobustan həbsxanası ilə bağlı reallığa uyğun olmayan, qeyri-obyektiv və məhkumların psixoloji durumuna neqativ təsir edən məlumatların yayılması məqsədli şəkildə həyata keçirilir. Bu məlumatlar həqiqətə uyğun deyil. Ötən il ərzində Qobustan həbsxanasında 5 ölüm faktı baş verib. Məhkumlar Yusifov Rüfət Gülağa oğlu və Mehdiyev Cavid Qəşəm oğlu kəskin ürək-damar çatışmazlığından vəfat ediblər. Bağırov Maqbet Eldaroviç, Aslanov Kamandar Aslan oğlu və Səfərəliyev Yuriy Abutalıboviç intihar ediblər. Qeyd olunan bütün faktlar Qobustan həbsxanasının yerləşdiyi ərazi üzrə Qaradağ rayon prokurorluğu tərəfindən araşdırılıb və bu faktlar üzrə toplanmış materiallarda cinayət tərkibi müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilib. Bu il fevralın 17-də isə Ayaz İmanov ürək-damar çatışmazlığından vəfat edib. Bu faktla bağlı Qaradağ rayon prokurorluğu tərəfindən hazırda araşdırma aparılır.

- Ədliyyə naziri yanında fəaliyyət göstərən İctimai Komitənin bir müddət öncə Qobustan həbsxanasında keçirdiyi monitorinqlərin nəticələri əsasında hazırladığı hesabat mətbuata açıqlanıb. Hesabatda qeyd olunan nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün hansı tədbirlər görülüb?

- Qeyd olunan nöqsan və çatışmazlıqların aradan qaldırılması ilə bağlı bir sıra işlər görülüb. Belə ki, həbsxana ərazisində mövcud standartlara cavab verən yeni mətbəx inşa olunub və müasir avadanlıqlarla təmin olunub. Qidanın keyfiyyətinə nəzarət gücləndirilib. Yeməklərin hazırlandığı yerdə gigiyenik və sanitar qaydalara tam riayət olunur, mətbəx yuyucu vasitələrlə tam təchiz olunub, yemək bloku standart qaydalara cavab verir.

Məhkumların saxlanma kameralarında sanitar-gigiyenik normalara riayət olunur. Yataq dəstləri mütəmadi olaraq dəyişdirilir. Həbsxananın kitabxanası latın qrafikalı ədəbiyyatlarla zənginləşdirilərək məhkumların istifadəsinə verilib. Sanitar-tibbi hissədə saxlanılan vərəm xəstələri ilə digər xəstələrin kamera-palatalarının yeni dəhlizə açıldığını nəzərə alaraq vaxtlı-vaxtında dəhlizin havası dəyişdirilir. Kameralar və dəhlizlər dezinfeksiya olunur. Vərəmli məhkumlar üçün gəzinti meydançası ayrılıb. Vərəmli xəstələrlə digər xəstələrin bir kamera-palatada saxlanılmaması nəzarətə götürülüb.

- Avropa Şurasının İşgşncələr Əleyhinə Komitəsinin nümayəndələri ötən ilin sonlarında Qobustan qapalı həbsxanasında monitorinq keçirib. Həmin monitorinq zamanı beynəlxalq ekspertlərin Penitensiar Xidmətə hansı irad və tövsiyələri olub?

-İşgəncələrin və qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza növlərinin qarşısının alınması üzrə Avropa Komitəsinin ekspertləri ötən ilin noyabrında Azərbaycanda səfərdə olarkən Penitensiar Xidmətin bir neçə cəzaçəkmə müəssisəsində, o cümlədən Qobustan həbsxanasında olub və səfərin nəticələrinə dair Azərbaycan hökumətinə hesabat təqdim ediblər. Hesabatda bir sira sahələrdə irəliləyişin olduğunu qeyd ediblər. Həbsxanada korpusların kameralarını, xüsusilə 1-ci korpusdakı əksər kameraların, habelə hamamların təmir olunduğu xüsusilə qeyd edilib. Bundan başqa Avropa Şurası ekspertləri Qobustan həbsxanasında səhiyyə xidmətlərinin, tibbi avadanlıqların və dərman təchizatının yaxşılaşdırılması üzrə görülmüş tədbirləri yüksək qiymətləndiriblər. Ömürlük və uzun müddətə azadlıqdan məhrum edilmiş məhkumların günün 23 saatını kameralarında qapalı şəraitdə heç bir fəaliyyətlə məşğul olmadan keçirmələri narahatlıq doğurub. Tibbi zərurət yarandığı hallarda belə kamera qapılarının gecə vaxtı açıq qalmasında olan çətinlik narahatlıq doğuran məsələ kimi göstərilib.

- Ekspertlərin fikrincə, Qobustan həbsxanasında rejim qaydaları ağırdır və bu qaydaların yüngülləşdirilməsi ilə bağlı qanunvericiliyə dəyişikliklər olunmalıdır?

- Qobustan həbsxanasında rejim qaydaları qüvvədə olan Cəzaların İcrası Məcəlləsinin tələblərinə uyğun həyata keçirilir. Gələcəkdə rejim qaydalarının yüngülləşdirilməsi ilə bağlı təkliflərin hazırlanıb aidiyyatı orqanlara verilməsi nəzərdə tutulub.

- Qobustan həbsxanasının koçürülməsi və yeni həbsxananın tikilməsi nəzərdə tutulub. Həmçinin yeni cəzaçəkmə müəssisələrinin tikintisi və şəhərdə yerləşən müəssisələrin regionlara köçürülməsi ilə bağlı hazırda hansı işlər görülür?

- Penitensiar Xidmətdə aparılan islahatlar çərçivəsində regionlarda bir neçə qarışıq rejimli cəza çəkmə müəssisəsi tikilməkdədir. Lənkəranda 20 ha ərazidə tikilən qarışıq rejimli müəssisə 1000 nəfər məhkum üçün nəzərdə tutulub. Müəssisə kompleksinə istintaq təcridxanası, ümumi və ciddi rejimli, həmçinin qadın və yeniyetmə məhkumların cəza çəkməsi nəzərdə tutulan korpuslar aiddir.

Naxçıvanda tikilən qarışıq rejimli müəssisədə də həmçinin istintaq təcridxanası, ümumi və ciddi rejimli, qadın və yeniyetmə məhkumların cəza çəkməsi nəzərdə tutulan korpuslar olacaq. Şəki şəhərinin girəcəyində 14 ha ərazidə inşa edilən cəzaçəkmə müəssisəsinin də tikintisi davam etdirilir.

Qobustan həbsxanasının əvəzinə Bakı şəhərinə daha yaxın ərazidə, Umbakı qəsəbəsi yaxınlığında yeni həbsxananın tikilməsi nəzərdə tutulub. Yeni həbsxananın layihəsi hazırlanarkən onun Avropa standartlarına tam cavab verməsi nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti