...

Azərbaycanda saxlanılan iranlı məhkumlar ölkələrinə qaytarılacaq

Cəmiyyət Materials 30 Mart 2007 14:16 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Azərbaycanın cəzaçəkmə müəssisələrində saxlanılan İran vətəndaşlarından bir qrupu yaxın günlərdə cəzalarını çəkmək üçün öz ölkələrinə veriləcək. Bu barədə Trend ə eksklüziv açıqlamasında ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Nazim Ələkbərov məlumat verib. Ələkbərov bildirib ki, 10 nəfər iranlı məhkum cəzalarının qalan hissələrini öz ölkələrində çəkmək üçün ərizə ilə müraciət edib. Həmin məhkumların sənədləri hazırlanıb və aprel ayında onların öz ölkələrinə verilməsi həyata keçiriləcək.

Azərbaycanın cəzaçəkmə müəssisələrində 80 nəfər İran vətəndaşı cəza çəkir. İranlı məhkumların böyük qismi narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərə görə məhkum olunanlardır. Məhkumlar arasında dələduzluq, qəsdən adam öldürmə cinayətinə görə təqsirləndirilənlər də var.

Nazir müavini İran həbsxanalarında cəza çəkən Azərbaycan vətəndaşlarının olduğunu da diqqətə çatdırıb və bildirib ki, onlardan bir neçəsi Azərbaycanda cəza çəkmək üçün müraciət edib. Hazırda onların sənədləri hazırlanır və yaxın gələcəkdə azərbaycanlı məhkumlar da öz ölkələrinə gətiriləcəklər.

Məhkumların cəza çəkməsi üçün öz ölkələrinə verilməsi prosesi İranla Azərbaycan arasında imzalanmış hüquqi yardım haqqında əməkdaşlıq sazişi əsasında həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti