...

Azərbaycana daşınan narkotiklər Qarabağda becərilirmiş

Cəmiyyət Materials 20 Aprel 2007 12:14 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. "TrendLife" E.Cavadova/ Aprelin 19-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Sədrəddin Hacıyevin sədrliyi ilə ötən ilin martında MTH-in əməkdaşları tərəfindən yaxalanmış dəstə üzvlərinin məhkəməsi davam etdirilib. Müttəhimlər kürsüsündə oturan 6 nəfər uzun müddət narkotik maddə alverilə məşğul olmaqda təqsirli bilinirlər. Onlardan ikisi İran vətəndaşları Cəfər Pənahi və onun qardaşı Xudam Pənahidir. Dəstənin satdığı narkotikləri Azərbaycana məhz bu şəxslər gətirirmiş. Burada isə əvvəllər məhkum olunmuş Leyla Məmmədova, Alik Həziyev, Samir Hüseynov və Həsən Babayev həmin "malın" satışıyla məşğul olub. Onlardan yalnız Həsən Babayev zamindədir.

İttiham aktından məlum olur ki, ötən ilin fevral-mart aylarında istintaqa məlum olmayan Cəmşid Abdullahi adlı İran vətəndaşı mütəşəkkil dəstə yaradıb. Həmin dəstənin üzvləri hazırda müttəhimlər kürsüsündə otursa da, dəstə başçısı hələ də axtarışdadır. Dəstə üzvləri Abdullahidən külli miqdarda narkotik maddə alaraq Azərbaycan ərazisində satıblar. Onlar əsasən həşiş, heroin, marixuana və digər narkotik maddələri qanunsuz yola İrandan əldə edərək ölkəmizə gətirib burada satıblar. Həmin malları İrandan X.Pənahi alırmış. Burada isə qardaşı Cəfər müştəri taparaq satmağa başlayıb. X.Pənahi bu ilin mart ayının sonlarında İranın Parsabad vilayətindən 5 kiloqrama yaxın narkotik maddə alaraq qeyri-qanuni yolla Füzuli rayon Horadiz qəsəbəsinə keçirib. Burada malları Cəfər qarşılayıb. O, həmin malları qohumu Həziyevin maşını ilə Bakıya gətirərkən yolda həbs olunub. Sabirabad rayonunda polis postunda onların maşınına baxış keçirilərkən külli miqdarda narkotik maddə aşkar edilərək götürülüb. Aparılan araşdırmalar zamanı məlum olub ki, bu "mallar"ı Məmmədova, Hüseynov və Babayev sifariş veribmiş. Bundan sonra həm sifarişçilər, həm də "malı" İrandan göndərən X.Pənahi də həbs olunub.

X.Panahi ifadəsində bildirdi ki, narkotik maddələrin satışı ilə uzun müddətdir ki, məşğul olur. Buna görə də o və qardaşı özlərini ittiham üzrə təqsirli bilirlər. Digər müttəhimlər isə ittihamla razılaşmırlar.

X.Pənahinin sözlərinə görə, əvvəllər bu işlə məşğul olarkən dəstə başçısı Abdullahidən eşidib ki, həmin mallar Dağlıq Qarabağ ərazisində becərilir. Əfqanlar işğal altında olan torpaqlarımıza ayaq açaraq narkotik maddələr əkib becərirlər. Hətta onun eşitdiyinə görə, həmin ərazidə narkotik maddələr istehsal etmək üçün laboratoriyalar da salınıb. Abbdullahiyə həmin malları sifarişlə gətiriblər. İranda qəbul olunan mallar sonradan Azərbaycana və başqa ölkələrə keçirilərək satılıb.

X.Pənahi Həziyevin günahsız olduğunu deyərək qeyd edib ki, o, maşınıyla Bakıya gətirilən malın narkotik maddə olduğunu bilmirmiş: "Malları maşında mən gizlətmişdim. Onun xəbəri yox idi. Çünki yolda maşın xarab olduğu üçün harasa getmişdi. İstintaq zamanı onun əleyhinə ifadə vermişəm. Çünki mənə təzyiqlər olub. Amma indi hər şeyi düz deyirəm". Dəstə üzvünün sözlərinə görə, həmin vaxt yolda bir qadın ona zəng vuraraq nə vaxt gəlib çatacağını soruşub. O, həmin qadını tanımasa da, sonradan onun Məmmədova olduğunu bilib. "Qardaşım demişdi ki, zəng vurub malı götürəcəklər. Ancaq alıcıların kim olduğunu dəqiq bilmirdim".

Cəfər də qardaşının dediklərini təsdiqləyərək deyib ki, istintaq zamanı digərlərinə qarşı ifadələr verib. Çünki onu aldadıblar: "Mənə dedilər ki, qardaşını xilas etmək istəyirsənsə, bunları yazmalısan. Mən də yazdım".

Müttəhim bildirdi ki, Azərbaycana cəmi 1 kq. mal gətirib. Onun da yarısı yolda xarab olub.

Həziyev ifadəsində bildirdi ki, Cəfər ona zəng vuraraq xahiş edib ki, qardaşı Pənahini Bakıya gətirsin, əvəzində ona pul verəcək: "Mən də uşağım xəstə olduğundan onun dediyinə razı oldum. Amma Pənahinin üstündə nə olduğunu bilmirdim".

Məmmədova ifadəsində dedi ki, aeroport yarmarkasından qab-qacaq alaraq İranın Astara rayonunda satmaqla məşğul olub. Burada Cəfərlə tanış olub. Cəfər onu məcbur edib ki, narkotika alverinə başlasın, qab-qacaqdan bir şey çıxmaz: "Əvvəllər razı olmadım. Lakin sonradan məcbur elədi ki, ona qoşulum. Onun verdiyi narkotik maddələri Bakıya gətirirdim və burada "Sədərək" Ticarət Mərkəzində, Nəsimi və Yasamal rayonları ərazilərindəki kolxoz bazarlarında satırdım. Mən malları Füzuli rayonunda qəbul etmişəm. Sonuncu dəfə zəng vurdu ki, Pənahidən mal göndərirəm, qarşıla. Mən Xudama zəng vurub onu gözlədiyimi dedim. Sonra Cəfər mənə xəbər verdi ki, Xudamı tutublar, ona daha zəng vurma".

Məhkəmə prosesi davam edir.

Xəbər lenti

Xəbər lenti