...

Azərbaycanlılar Nyu-Yorkda BMT-nin binası qarşısında etiraz aksiyası keçirəcək

Cəmiyyət Materials 26 Aprel 2007 14:57 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Türk Amerika Assosiasiyaları Federasiyası (TAAF) və Amerika Azərbaycanlıları Cəmiyyəti (AAC) Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi ilə əlaqədar Nyu-Yorkda etiraz aksiyaları keçirəcəklər. Bu barədə cümə axşamı Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Etiraz aksiyası mayın 8-də saat 12-00-dan 13.30-dək BMT iqamətgahının qarşısında keçiriləcək. TAAF və AAC erməni işğalçılarının Azərbaycan torpaqlarını azad etmələrinə dair BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin (822, 853, 874, 884 nömrəli qətnamələr) və BMT Baş Məclisinin bir qətnaməsinin (A/RES/48/114) icrasını tələb edəcəklər. Diaspor nümayəndələri BMT-nin üzvü olan Ermənistandan beynəlxalq birliyin qərarlarına hörmətlə yanaşmağı tələb edəcək, həmçinin Azərbaycanın işğal olunmuş ərazilərində törədilən yanğınların davam etməsinə narazılıqlarını bildirəcəklər. BMT-nin baş katibini Ermənistanın qanunsuz əməllərinə qarşı qəti mövqe tutmağa çağıracaqlar.

Xatırladaq ki, Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. Bu ərazilər 1992-ci ildən indiyədək erməni silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub.

Xəbər lenti

Xəbər lenti