...

Rostropoviçlərin Bakıdakı Ev Muzeyində matəm kitabı açılıb

Cəmiyyət Materials 30 Aprel 2007 13:04 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend M.Kərimova/Leopold və Mstislav Rostropoviçlərin Bakıdakı Ev Muzeyində matəm kitabı açılıb. Həmin kitabda ziyarətçilər aprelin 27-də vəfat etmiş məşhur musiqiçi, dahi həmyerlimiz olan Mstislav Rostropoviçlə bağlı başsağlığı və ürək sözlərini bildirirlər.

Gül və yanan şamlarla bəzədilmiş muzeydə daima olaraq Rostropoviçin ifasında musiqi (Bax, Betxoven) və onun dirijorluğu altında simfonik musiqilər səslənir. Ev muzeyinin direktoru Şeyla xanım Heydərovanın sözlərinə görə, Rostropoviçin ən sevimli əsərlərindən biri - Çaykovskinin Altıncı simfoniyasının lent yazısı da səsləndirilir, o, bu əsərə 1974-cü ildə Moskva Konservatoriyasının Böyük Zalında Moskvadan xaricə getməzdən öncə vida gecəsində dirijorluq edib.

Direktorun məlumatına əsasən, ev muzeyində saat maestro Rostropoviçin vəfat etdiyi saata - 14:08-ə qurulub. Bazar günü ev muzeyində aralarında dövlət, incəsənət xadimləri, ədəbiyyatçılar, musiqi ictimaiyyəti olan ziyarətçilər bir dəqiqəlik sükutla maestronun xatirəsini anmaq üçün dahi violonçelistin matəm lenti bağlanmış portreti qarşısında dayanıblar.

Ziyarətçilər arasında Vişnevskaya-Rostropoviç Fondunun Bakı şöbəsinin prezidenti Soltan Məmmədov, Polşa icmasının rəhbəri Stanislav Qruşetskiy, məşhur kinorejissor Eldar Quliyev, musiqiçilər və bəstəkarlar, rəssamlar, məşhur jurnalistlər və kino, teatr xadimləri olub. Onların bir çoxu Rostropoviç haqqında xatirələrilə bölüşüb, Rostropoviçin Bakıya səfərlərinin video yazılarına tamaşa ediblər.

Matəm mərasimində Rostropoviçin tələbələri, onun master-klasslarının iştirakçıları, o cümlədən Dövlət Simfonik Orkestri, Dövlət Simli Kvarteti, Bakı Musiqi Akademiyası, Leopold və Mstislav Rostropoviçlər adına 21 saylı musiqi məktəbi, Asəf Zeynallı adına Bakı litseyi, Niyazi adına musiqi məktəbi və Vaqif Mustafazadə adına 1 saylı musiqi məktəbi, Avropa Litseyi və başqa məktəblərdən olan ifaçılar fəal iştirak edib.

Xəbər lenti

Xəbər lenti