...

Azərbaycan Mətbuat Şurasına yeni üzvlər qəbul edilib

Cəmiyyət Materials 15 May 2007 15:37 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan Mətbuat Şurasının sıralarına yeni üzvlər qəbul olunub. Bu barədə çərşənbə axşamı Mətbuat Şurasından məlumat verilib.

Salyanın "Qələbə", Lerik rayonunun "Lerik" qəzetləri Şura üzvlüyünə qəbul edilib. Mətbuat Şurasının 2007-ci ilin 4 ayı ərzində gördüyü işlər məqbul hesab edilib. Bu müddətdə Şura "Diffamasiya haqqında" qanunun qəbulunun sürətləndirilməsi, "Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları"na sayğısızlıq hallarının araşdırılması üçün MŞ-yə əlavə səlahiyyətlərin verilməsi, Şuranın keçid dövrü üçün maddi-texniki bazasının möhkəmləndirilməsi, maliyyə məsrəflərinin müəyyən qisminin dövlət büdcəsi hesabına ödənilməsi, "Monitor" jurnalının baş redaktoru Elmar Hüseynovun qatillərinin, KİV əməkdaşlarına qarşı zorakılıq və təzyiq edənlərin tapılması, jurnalistlərin sosial problemlərinin həlli, "Jurnalist" mənzil-tikinti kooperativi üçün torpaq sahəsinin ayrılması və digər məsələlərlə əlaqədar dövlət başçısına məktublar göndərib. Həmçinin bu yaxınlarda "Azərbaycanda mətbuatın inkişafı ilə bağlı dövlət proqramı" layihəsi ölkə prezidentinə təqdim olunub.

Şura ölkədə qiymət artımının mətbuata təsirini öncədən araşdırmaq məqsədilə və medianin digər problemləri ilə əlaqədar "dəyirmi masa" və seminarlar keçirib. 20 Yanvar və Xocalı faciələrinin necə işıqlandırılması mövzusunda konfrans, dini sahədə yazan jurnalistlərin ixtisaslaşması üçün iki seminar təşkil edib. MŞ sabiq səhiyyə naziri Əli İnsanovun məhkəməsində jurnalistlərin iştirakının təmin olunması üçün Azərbaycanın Ali Məhkəmə və Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə sədrlərinə müraciətlər ünvanlayıb.

Xəbər lenti

Xəbər lenti