...

"Xarici telekanalların yerli tezliklərdə yayımlanması kabel televiziyasının inkişafına mane olur"-Teleradio Şurasının sədri

Cəmiyyət Materials 23 May 2007 15:20 (UTC +04:00)
"Xarici telekanalların yerli tezliklərdə yayımlanması kabel televiziyasının inkişafına mane olur"-Teleradio Şurasının sədri

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Xarici telekanalların Azərbaycanda yerli tezliklərdə yayımlanması kabel televiziyasının inkişafına mane olur. Bu barədə çərşənbə günü Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli açıqlama verib.

Məhərrəmli bildirib ki, əgər Rusiya telekanallarının Azərbaycanda yayımlanmsı ölkələrarası münasibətlərdə çox mühüm rol oynayırsa, o zaman bu yayım qarşılıqlı şəkildə olmalıdır: "Yalnız birtərəfli şəkildə Azərbaycan bu öhdəliyi yerinə yetirməməlidir. Rusiyada azərbaycanlıların kompakt yaşadığı ərazidə, məsələn, Moskva şəhərində Azərbaycanın bir kanalı yayımlansa, Rusiyanın da bir telekanalı Azərbaycan ərazisində yayımlana bilər. Biz kabel televiziyasının inkişafına çalışmalıyıq. Nə qədər ki, xarici telekanallar yerli tezliklərdə yayımlanır, bu, kabel televiziyasının inkişafına mane olur"-deyə Məhərrəmli vurğulayıb.

Teleradio Şurasının sədri İranın "Sabah" kanalında Azərbaycan əleyhinə fikirlərin verilməsinə də münasibətini açıqlayıb. Onun sözlərinə görə, Şura xarici telekanallara heç bir təzyiq göstərə bilməz: "Teleradio Şurası İranın "Sabah" kanalını izləmir və monitorinqini də aparmır. Amma bu məsələ qaldırılahsa, İranın Azərbaycandakı səfirliyinə bu barədə məlumat verilə bilər. Əgər "Sabah" kanalı Azərbaycanın əleyhinə siyasət yeridirsə, biz də eyni addımı ata bilərik. Bu isə ölkələrarası münasibətlərə xələl gətirə bilər" - deyə Məhərrəmli qeyd edib.

Xəbər lenti

Xəbər lenti