...

Sabiq müdafiə nazirinin Avropa Məhkəməsinə şikayəti ilə bağlı kommunikasiya aparılır (video)

Cəmiyyət Materials 29 May 2007 14:22 (UTC +04:00)
Sabiq müdafiə nazirinin Avropa Məhkəməsinə şikayəti ilə bağlı kommunikasiya aparılır (video)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsində səlahiyyətli nümayəndəsi Çingiz Əsgərovun Trend ə eksklüziv müsahibəsindən hissə

- Kommunikasiya olunan işlər konkret olaraq kimlərlə bağlıdır?

- Sabiq müdafiə naziri Rəhim Qazıyevin də şikayəti üzrə kommunikasiya aparılır. O, məhkəmə prosesinin Qobustan qapalı həbsxanasında keçirildiyini və bununla da Konvensiyanın 6-cı maddəsi ilə qorunun hüququnun pozulduğunu iddia edir. Lakin biz materialları öyrənərkən məlum oldu ki, Qazıyev Ali Məhkəməyə bu barədə şikayət verməyib. Yəni bu pozuntunun Ali Məhkəmə tərəfindən bərpasına imkan verməyib. Beləliklə də bu pozuntu ilə bağlı ölkədaxili müdafiə vasitələri tükəndirilməyib. Bu barədə Avropa Məhkəməsinə məlumat verilib.

Fərhad və qardaşı Rafiq Əliyevlərin şikayətləri ilə bağlı bizə kommunikasiya 2 həftə öncə daxil olub. Hazırda bu işlər tərəfimizdən öyrənilir. Bundan sonra Avropa Məhkəməsinə müvafiq rəy veriləcək. Bu şikayətdə ərizəçilər Konvensiyanın 5-ci (azadlıq və toxunulmazlıq hüququ), 6-cı (ədalətli məhkəmə hüququ), 8-ci (şəxsi və ailə həyatına hörmət hüququ), 1-ci Protokulun 1-ci (mülkiyyətin müdafiəsi) maddələrində qeyd olunan hüquqlarının pozulduğunu iddia edirlər.

Ölüm cəzası ömürlük azadlıqdan məhrumetmə ilə əvəzlənmiş məhkumların cəzalarının 15 ilə endirilməsi problemi ilə bağlı şikayətlər də var. Rahib Məsimov bu problemi Avropa Məhkəməsi qarşısında qaldırıb. Onlar iddia edirlər ki, məhkum olunan zaman qanunvericilikdə ömürlük azadlıqdan məhrumetmə cəzası olmayıb. Bu səbəbdən də onların ölüm cəzası 15 illə əvəzlənməlidir. Lakin bu şəxsin şikayətinin mümkünlüyü barədə qərarda Avropa Məhkəməsi qeyd edib ki, problem Avropa Konvensiyasına və Azərbaycan qanunvericiliyinə uyğun həll olunub. Bu qərarda Avropa Məhkəməsi Əlikram Hümbətovun Azərbaycana qarşı şikayətinin mümkünlüyünə dair qərara istinad edib. Həmin qərarda göstərilib ki, belə bir proses Avropa Konvensiyasının müddəalarına uyğundur. Avropa Məhkəməsi burada bir neçə məqama diqqət yetirib. Omürlük azadlıqdan məhrumetmə cəzası bütün hallarda ölüm cəzasından yüngüldür. O, ağır cəza kimi qəbul edilə bilməz. Bu səbəbdən də burada Konvensiyanın 7-ci maddəsinin (qanunsuz cəzalandırılmamaq) pozuntusundan söhbət gedə bilməz. Hesab edirəm ki, cəmiyyətdə qaldırılan bu problem əsassızdır və müəyyən qrup şəxsin maraqlarına xidmət edir. Məsimovun işində Avropa Məhkəməsi yalnız bir məsələ ilə - işinə Ali Məhkəmədə baxılması ilə bağlı (maddə 6) prosessual pozuntuların olması barədə kommunikasiya aparır.

Xəbər lenti

Xəbər lenti