...

Sabiq iqtisadi inkişaf nazirinin məhkəməsində zərərçəkən barəsində həbs qərarı çıxarıldı

Cəmiyyət Materials 11 İyun 2007 12:05 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Cavadova/ Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev, onun qardaşı Rafiq Əliyev və daha 17 şəxsin məhkəmə prosesi bazar ertəsi davam etdirilib. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Tofiq Paşayevin sədrliyi ilə keçən prosesdə zərərçəkmişlərin dindirilməsinə başlanılıb.

2004-cü ildə Qarabağ veteranlarına paylanılmalı olan özəlləşdirmə paylarının mənimsənilməsi epizodu üzrə zərərçəkənlər dindiriliblər. İfadə verən 6 nəfərin sözlərinə görə, 2004-cü ildə onlara düşən payı banklardan almaq istəyərkən onlara özəlləşdirmə payının əvəzində 20 min manat təklif olunub. Zərərçəkənlər həmin vaxt bu təklifi özlərinə qarşı təhqir kimi qiymətləndirərək həmin 20 min manatdan imtina ediblər, həmçinin özəlləşdirmə paylarını da ala bilməyiblər.

Prosesdə zərərçəkən qismində dindirilən Münasib Əsədov düzgün ifadə verəcəyinə dair andiçməni oxumaqdan imtina edib. Hakimin ona dəfələrlə xəbərdarlıqlarına və andiçmənin oxumasının vacibliyini bildirməsinə baxmayaraq, Əsədov buna məhəl qoymayıb. Hakim məhkəmə prosedur qaydalarının pozulduğunu əsas gətirərək zərərçəkən barədə 48 saatlıq həbs qərarı çıxarıb. Qərar məhkəmə zalında dərhal icra olunub.

Məhkəmə prosesi zərərçəkənlərin ifadələri ilə davam etdirilir.

Xəbər lenti

Xəbər lenti