Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ İctimai Televiziyanın (İTV) ictimai əlaqələr və monitorinq şöbəsinin rəhbəri Tahir Məmmədov AzTV-nin departament rəhbəri Qulu Məhərrəmlini qərəzli mövqe tutmaqda günahlandırır.
Azərbaycan Televiziyasının müəllif proqramları və xüsusi layihələr Departamentinin rəhbəri, Mətbuat Şurasının sədr müavini Məhərrəmli Trend ə müsahibəsində İctimai Televiziyanın fəaliyyətinin hələki lazımi səviyyədə olmadığını deyib: "Dövlət siyasətini əks etdirməsi baxımından mən hesab edirəm ki, Rusiyanın RTR kanalının yayımının müqabilində həmin ölkədə məhz AzTV yayımlanmalıdır. Amma mən istərdim ki, Azərbaycanda güclü İctimai Televiziya olsun və gələcəkdə xarici ölkələrin ərazisinə də həmin kanal yayımlansın" - deyə Məhərrəmli bildirib.
Bu fikirlərə münasibətini bildirən İTV nümayəndəsi Məmmədov qeyd edib ki, hər hansı tele-radionun "gücünü" müəyyən etmək üçün geniş tamaşaçı kütləsinin, ziyalıların və həqiqi peşəkarların fikri nəzərə alınmalıdır. Onun sözlərinə görə, İTV-nin fəaliyyəti ilə bağlı auditoriyanın yüksək rəyi hamıya, həmçinin Məhərrəmliyə bəllidir.
"Rusiyada hansı Azərbaycan telekanalının yayımlanmasına gəlincə, Milli Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli məhz auditoriyanın rəyini nəzərə alaraq İctimai Teleradionun məqsədəuyğun olduğunu bildirib. Amma Rusiyanın RTR kanalı dövlət televiziyası olduğundan ona alternativ olan Azərbaycan kanalı AzTV-dir və burada həm də dövlətlərin öhdəlikləri nəzərə alınır. Bu, o demək deyil ki, İctimai Televiziya həm keyfiyyətli efir məhsullarına, həm də tamaşaçı auditoriyasına görə hansısa kanaldan, o cümlədən AzTV-dən geri qalır" - deyə Məmmədov qeyd edib.
O əlavə edib ki, Məhərrəmlinin arzu kimi dilə gətirdiyi fikirləri artıq İctimai Teleradio reallaşdırmaq istiqamətində konkret addımlar atır. Məsələn, Türkiyənin TRT kanalında qarşı tərəfin təklifi ilə İctimai Televiziyanın bayram proqramları, o cümlədən "Yeni gün" səhər proqramı dünyanın 100-dən çox ölkəsində yayımlanıb. Məmmədov İTV-nin proqramlarının yayımı ilə bağlı Avropanın nüfuzlu Duna Televiziyasından, Polşa, Almaniya, Koreya və digər ölkələrin ictimai yayımçılarından, eləcə də bir çox ölkələrin kabel televiziyalarından təkliflər gəldiyini xatırladıb.