...

ABŞ Dövlət Departamenti: "Azərbaycan insan alverinə son qoymaq üçün səylərini maksimuma çatdırmalıdır"

Cəmiyyət Materials 13 İyun 2007 13:37 (UTC +04:00)

Azərbaycan, Bakı/müx. Trend K.Ramazanova/ ABŞ Dövlət Departamentinin hesabatında bildirilir ki, Azərbaycan insan alverinə qarşı mübarizə ilə bağlı fəaliyyətini daim nəzarətdə saxlayır və bu sahədə əhəmiyyətli nəticələr əldə edir. 2006-cı il üçün olan məlumatlara görə, Azərbaycan insan alveri ilə mübarizə aparmaq üçün kitabçaların hazırlanması və paylanılması məqsədilə vəsait ayırıb.Təhsil Nazirliyi milli qeyri-hökumət təşkilatlarının məktəblər üçün nəzərdə tutulan informasiya proqramını dəstəkləyib.

"Azərbaycan cinsi istismar məqsədilə insanların Özbəkistan və Qırğızıstandan Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinə daşınmasında tranzit ölkə rolu oynayır. Azərbaycandan kişilər Rusiyaya işçi qüvvəsi qismində aparılır" - deyə hesabatda bildirilir.

Sənəddə bildirilir ki, Azərbaycan 2006-cı ilin oktyabr ayından sığınacaq, hüquqi, tibbi və psixoloji yardım təklif etməklə insan alverinin qurbanlarına yardım göstərir. Azərbaycanın 2005-ci ildə qəbul olunmuş "İnsan ticarətinə qarşı mübarizə haqqında" qanunu insanların cinsi istismarını və məcburi əməyini qadağan edir və bunun üçün 5 ildən 15 ilədək həbs cəzası nəzərdə tutur.

2006-cı il ərzində hakimiyyət orqanları tərəfindən insan alveri faktı ilə bağlı 192, 2005-ci ildə isə 160 istintaq aparılıb. 2006-cı ildə insan alveri ilə məşğul olan 155 nəfər şəxsə iş kəsilib, 2005-ci ildə isə bu rəqəm 93 nəfər təşkil edib. 2006-cı ildə məhkəməyə cəlb olunan 155 nəfərdən 48-i müxtəlif müddətlərə azadlıqdan məhrum edilib. Dövlət qulluqçularının və yerli hüquq-mühafizə orqanlarının aşağı hazırlıq səviyyəsi və korrupsiya belə ağır cinayətlərlə bağlı cəzanın yüngül olmasının səbəbidir.

Dövlət Departamentinin hesabatında bildirilir ki, Azərbaycan insan alverinə son qoymaq üçün bu işdə əli olan dövlət qulluqçularının məhkəmə istintaqı, ittihamı və mühakiməsi ilə bağlı səylərini maksimuma çatdırmalıdır.

Xəbər lenti

Xəbər lenti