...

Qobustan qapalı həbsxanasında məhkumların aclıq aksiyasına başlamaları rəsmi təsdiqlənib

Cəmiyyət Materials 21 İyun 2007 15:15 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Qobustan qapalı həbsxanasında məhkumların aclıq aksiyasına başlamaları rəsmi təsdiqlənib. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin şöbə rəisi Rafiq Ramazanov cümə axşamı Trend ə bildirib ki, 38 məhkum dünəndən aclığa başlayıb. Həmin məhkumların aclığa başlamaları ilə bağlı ərizələri həbsxana rəhbərliyi tərəfindən qəbul olunub. Aksiya keçirən məhkumlara həkim nəzarəti təyin olunub.

Ramazanov bildirib ki, aclıq edən məhkumlar arasında 2000-ci ildən sonra ömürlük azadlıqdan məhrum edilmiş məhkumlar da var. Onlar da ölüm cəzası ömürlük azadlıqdan məhrumetmə ilə əvəzlənmiş məhkumlar kimi cəzalarının 15 ilə endirilməsini tələb edirlər.

Qobustan həbsxanasında ölüm cəzası ömürlüklə əvəzlənmiş 80-dən artıq məhkum cəza çəkir. Onlar hesab edir ki, Azərbaycanda ölüm cəzasının ləğvindən sonra cəzaları ömürlüklə deyil, o zaman Cinayət Məcəlləsində ən ağır cəza olan 15 il azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənməlidir.

İnsan Haqları üzrə Avropa Məhkəməsinin Əlikram Hümbətovun şikayəti ilə bağlı qərarında qeyd olunub ki, ölümə məhkum olunmuşların cəzalarının ömürlüklə əvəzlənməsi Avropa Konvensiyasının müddəalarına uyğundur. Avropa Məhkəməsi burada bir neçə məqama diqqət yetirib. Qeyd olunub ki, ömürlük azadlıqdan məhrumetmə cəzası bütün hallarda ölüm cəzasından yüngüldür. O, ağır cəza kimi qəbul edilə bilməz.

Qobustan həbsxanasında cəza çəkən "ömürlüklər"in ailələri yaxınlarının həyatları üçün təhlükə olduğundan narahatdır. Məhkum ailələri Trend ə bildirib ki, bir neçə gün öncə Qobustan həbsxanasında baş vermiş qətl hadisəsindən narahatdırlar. Onlar həbsxanada cəza çəkən yaxınlarının belə hadisələrdən sığortalanmadıqlarını və onların da başına hər an belə hadisə gələcəyindən qorxurlar.

Məhkumların yaxınları bir qrup "ömürlüy"ün iyunun 18-dən aclığa başladığını və bu barədə həbsxana rəisinə ərizə ilə müraciət etdiklərini deyiblər. Məhkumların qohumları yaxın günlərdə Prezident Aparatına, Ədliyyə Nazirliyinə görüş üçün müraciət edəcəklər. Onlar ölüm cəzası ömürlük azadlıqdan məhrumetmə ilə əvəzlənmiş məhkumların işlərinə yenidən baxılmasını və cəzalarının 15 illə əvəzlənməsini tələb edirlər.

Eyni tələblə bu il bir qrup məhkum aprelin 16-dan 20-dək aclıq aksiyası keçirmişdi.

Bir neçə gün öncə Qobustan həbsxanasında cəza çəkən ömürlük azadlıqdan məhrum edilmiş Rəşad Cəfərov öz kamera yoldaşı Famil Mirzəyevin başını kəsib. Hadisə ilə bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb, istintaq hərəkətləri aparılır.

Xəbər lenti

Xəbər lenti