...

Vətən" Cəmiyyətinin sədri: "Azərbaycanda yaşayan Ahısxa türkləri Gürcüstana qayıtmaq niyyətindədir"

Cəmiyyət Materials 23 İyun 2007 13:33 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/Azərbaycanda yaşayan ahısxa türkləri Gürcüstana qayıtmaq niyyətindədir. Bu barədə şənbə günü Azərbaycanda məskunlaşan Ahısxa türklərinin "Vətən" Cəmiyyətinin sədri İbrahim Burhanov Gürcüstan Parlamentinin bu məsələyə dair son qərarını şərh edərkən bildirib.

Şənbə günü Gürcüstan parlamenti sovet hakimiyyətinin zorla Gürcüstandan köçürdüyü adamların vətənə qaytarılması haqqında qanun layihəsini birinci oxunuşda qəbul edib. Ahısxa türklərinin öz torpaqlarına qayıtmasını təmin edəcək qanun 2008-ci ildə qüvvəyə minəcək və həmin dövrdən Gürcüstana qayıdış prosesi başlayacaq.

Burhanov bildirib ki, hazırda Azərbaycanda 70 min ahısxa türkü yaşayır. Onların arasında aparılan sorğu göstərib ki, ahısxa türkləri Gürcüstana qayıtmağın əleyhinə deyil.

Qanun layihəsində Repatriasiya Fondunun yaradılması nəzərdə tutulub. Altı ay ərzində bu fond yaradılmalıdır. Fond donor ölkə və təşkilatların hesabına yaradılacaq, ora vəsaitlər köçürüləcək. Eyni zamanda Gürcüstan hökuməti də ölkə ərazisində olan boş evləri təqdim edəcək.

Burhanov qeyd edib ki, Ahıska türkləri Gürcüstanın başqa bölgələrinə deyil, tarixi torpaqlarına qayıtmaq istəyirlər. Artıq bu istiqamətdə işlərə başlanılıb: "Eyni zamanda hesab edirəm ki, parlamentin qəbul etdiyi qanunun həyata keçirilməsi çətin olacaq. Çünki Gürcüstanda bəzi qüvvələr Ahıska türklərinin qayıtmasını istəmirlər. Amma dövlət bizlərə yardım etməlidir və biz daha çox beynəlxalq təşkilatlar və dost dövlətlərin köməyinə ümid edirik", - deyə cəmiyyət rəhbəri əlavə edib.

Axıska türkləri 1940-cı illərdə keçmiş SSRİ-nin o vaxtkı rəhbəri İosif Stalinin göstərişi ilə Sibirə və Qazaxıstana sürgün olunublar. Hazırda dünyanın müxtəlif ölkələrində 400 minə yaxın Axıska türkü yaşayır. Gürcüstan Avropa Şurasına daxil olarkən Axıska türklərinin Vətənə qayıdışını təmin edəcəyinə dair qurum qarşısında öz üzərinə öhdəliklər götürüb. Gürcüstan parlamenti cümə günü Ahısxa türklərinin öz torpaqlarına qayıtmalarına imkan verən qanunu birinci oxunuşda qəbul edib. Azərbaycanda da bir neçə min nəfər Ahıska türkü məskunlaşıb.

Xəbər lenti

Xəbər lenti