Azərbaycan, Bakı / Trend müxbir E.Cavadova/ Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Tofiq Paşayevin sədrliyi ilə sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin, onun qardaşı, "Azpetrol" Şirkətlər Qrupunun keçmiş prezidenti Rafiq Əliyevin və onlarla birlikdə təqsirləndirilən digər 17 şəxsin məhkəməsi davam edib.
İclasda əvvəlcə F.Əliyevin vəkilləri Elton Quliyev və İsaxan Aşurovun, digər vəkil Yunis Vəliyevin iyulun 23-də qaldırdıqları vəsatətlərə münasibət bildirilib. Qeyd edək ki, Quliyev F.Əliyevin nazir işlədiyi dövrdə özəlləşdirilmiş və həmin özəlləşdirilmələrlə bağlı F.Əliyevə qarşı ittihamlar verilmiş 12 obyektin qiymətləndirilməsi ilə bağlı sənədlərin iş materiallarına daxil edilməsi, Aşurov F.Əliyevin 19 oktyabr 2005-ci il tarixdə - yəni həbs olunan gün verdiyi ilkin dindirmə protokollarının işə əlavə olunması, Vəliyev isə işdə mülki iddiaçının dəyişdirilməsi - yəni baş prokurorun Vergilər Nazirliyi və Dövlət Əmlak Komitəsi ilə əvəz edilməsi barədə vəsatət vermişdi. Bu günsə hakim Paşayev vəsatətlərə münasibət bildirərkən Aşurovla Vəliyevin vəsatətlərinin rədd olunduğunu, Elton Quliyevin isə vəsatətinin qismən təmin edildiyini bildirib.
Sonra Quliyev məhkəmə tərkibinə etiraz edib. Vəkil etirazını məhkəmə başlayan gündən heç bir vəsatətin təmin olunmaması ilə əlaqələndirib.
Günün ikinci yarısı bu vəsatətə də münasibət bildiriləcək.