Azərbaycan, Bakı, 3 avqust / "TrendLife" müxbir Günel Əhmədova/ "TrendLife"ın müxbiri bu gün səhnə dostları ilə 52 yaşını qeyd edən Fəxrəddin Manafovla Kino gününün açılışına bir neçə saat qalmış ayaqüstü söhbət edib.
-Kinonun bu günkü durumunu necə qiymətləndirirsiniz?
Ölkə başçısının imzaladığı məlum sərəncamdan sonra kinonun inkişaf edəcəyi barədə ürəkdən danışa bilirəm. Artıq Mədəniyyət və Turizm Nazirliyi Kinematoqrafçılar İttifaqı ilə birlikdə kino sahəsinin inkişafına dair imzaladığı təkliflər paketini Nazirlər Kabinetinə göndərib. Təkliflər paketində Azərbaycan kinosunun beynəlxalq bazara çıxarılması və yeni texnologiyaların istehlakı, beynəlxalq səviyyəyə cavab verəcək filmlərin hazırlanması üçün dövlət tərəfindən vəsaitin hazırlanması yer alıb. Eyni zamanda Kino məktəbinin dövlət tərəfindən himayəyə götürülməsi, müasir avadanlıqların alınması vacib olan işlərdən biridir.
-Gənc kadrların yetişməsində təkliflər paketi nə kimi rol oynayacaq?
Əlbəttə ki, bu da vacib məsələlərdən biridir. Yaxşı kadr olmasa yaxşı kinodan danışmağa dəyməz. Dövlət kino məktəbinə dəstək olsa, böyük işlər barədə danışa bilərik.
-"Oskar" uğrunda mübarizə aparmaq istiqamətində Azərbaycan nə vaxt hazır olacaq?
Deyirlər ki, Azərbaycan kinosu durğunluq dövrünü geridə qoyub. Bu doğrudur, amma qalıqlarından canımızı qurtara bitlməmişik. Kəmiyyətlə keyfiyyət göstəriciləri mütləq nəzərə alınmalıdır. "Oskar" uğrunda yarışmaq üçün keyfiyyət önə çəkilməlidir. Ötən il təşkilat komitəsi Özbəkistan və Azərbaycana mükafat uğrunda yarışmaq üçün dəvət göndərib. Həmin vaxtdan bir il keçib. Biz tərəfdən müsbət nəticə yoxdur. Çünki dünya kinematoqrafiyası ilə ayaqlaşmaq üçün sanballı ssenarilər yazılmır.
-Sizcə, problem tək yaxşı ssenaristlərin olmamasıdır?
Hesab edirəm ki, ssenairstlərin marağını təminə etmək, yaxud, təsadüfi adamları kinodan uzaqlaşdırmaq lazımdır. İldə 4 dövlət sifarişli film çəkilir. Amma büdcə az olduğundan onunla böyük sıçrayışlar edə bilmirik. Özəl kino çəkənlər planı artıqlaması ilə doldurublar, amma qeyd etdiyim kimi keyfiyyət balansı aşağı düşüb.
-Fəxrəddin Manafov daha çox Moskva kinematoqrafiyasına xidmət edir. Sizi burada qane etməyən nədir?
Bunun elə bir ciddi səbəbi yoxdur. 1-2 ay çəkiliş meydançasında olmayanda özümü ac hesab edirəm. Mən kino ilə qidalanıram. Əgər kino olmasa, mənəvi aclıq keçirirəm, bu da yaxşı göstərici deyil.
-Sabah yenidən Moskvaya gedirsiniz. Bu dəfəki səfəriniz hansı məqsədi daşıyır?
Əvvəla qeyd edim ki, burada Elçinin ssenarisi əsasında ekranlaşdırılan "Hökmdarın taleyi" filmində iştirak etmişəm. Çəkilişlər yekunlaşıb və Moskvadakı heyət məni gözləyir. Çəkilişləri yarımçıq qalan 10 seriyalı filmdə rejissor Aleksandr Kasadkin mənə də rol verib. Orada iştirak edəcəm.
-Gənclərin potensialı Sizi qane edir?
Tənqid etməyəcəm. Pantomima Teatrının aktyorlarının çıxışına baxanda gənclərin hansı potensiala qadir olduğunu görə bilirəm. Azərbaycanda işləmək istəyən gənclər çoxdur. Onların çoxunu qabağa çəkmək lazımdır. Arxa sıralarda duran gənclər çoxdu, amma onların səsini yaxşı eşidə bilmirik. İmkanlarını səfərbər etmək üçün onlara dəstək olmalıyıq.