...

"Gündəlik Azərbaycan" qəzetinin redaktorunun nazirə qarşı iddiası qəbul edilməyib

Cəmiyyət Materials 16 Avqust 2007 15:27 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir K. Zərbalıyeva/ Bakı Apellyasiya Məhkəməsi "Gündəlik Azərbaycan" qəzetinin şöbə redaktorunun Səbail rayon məhkəməsinin qərarından verdiyi apellyasiya şikayətini təmin etməyib. Daxili işlər naziri Ramil Usubov və YAP-ın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayevə qarşı iddianın icraata qəbul edilməməsi ilə bağlı məhkəmə qətnaməsindən verilən apellyasiya şikayətinə cümə axşamı hakim Tofiq Səmədovun sədrliyi ilə baxılıb və Səbail rayon məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Bu barədə məlumat verən şöbə redaktoru Üzeyir Cəfərov bildirib ki, qərarı alandan sonra Ali Məhkəməyə və İnsan Haqları üzrə Avropa Məhkəməsinə şikayət verəcək.

Cəfərovun aprelin 20-də "Gündəlik Azərbaycan" qəzetinin redaksiyasının qarşısında döyülməsi faktına münasibət bildirən nazir Usubov bu hadisənin şöbə redaktorunun özü tərəfindən təşkil edildiyini və özü-özünə xəsarət yetirdiyini bəyan edib. Yeni Azərbaycan Partiyasının (YAP) mətbuat xidmətinin rəhbəri Paşayev isə hadisənin ailə münaqişəsi zəminində baş verdiyini bildirib.

Cəfərovun şərəf və ləyaqətinin müdafiəsinə dair adıçəkilən şəxslərə qarşı Səbail rayon məhkəməsinə verdiyi iddia ərizəsi cavabdehlərin poçt ünvanlarının göstərilməməsi səbəbindən geri qaytarılmışdı. Cəfərov isə qeyd edir ki, ərizədə Usubovun və Paşayevin iş yerlərinin ünvanı aydın göstərilmişdi.

İddiaçı cavabdehlərdən onun ünvanına söylədiklərini sübut etmək, bu, mümkün olmadığı halda təkzib vermək, üzr istəmək, Usubovdan 8 milyon 347 min, Paşayevdən isə 400 min manat məbləğində mənəvi təzminat ödənilməsi tələbini qoyub. Həmin məbləğin isə müharibə veteranlarının, əlillərin və şəhid ailələrinin hesabına köçürülməsini istəyib.

Cəfərovun döyülmə faktı ilə bağlı Yasamal Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 132-ci (döymə) maddəsi ilə cinayət işi açılsa da, istintaq indiyədək şöbə redaktorunu döyən şəxsləri müəyyənləşdirməyib.

Cəfərov "Gündəlik Azərbaycan" qəzeti fəalyyətini dayandırandan sonra sığınacaq üçün xarici ölkə səfirliklərinə müraciət edib.

Xəbər lenti

Xəbər lenti