...

Millət vəkili: "Gürcüstanda yaşayan azərbaycanlıların bu ölkəni tərk etmələrinin qarşısını almaq üçün Dövlət Proqramı hazırlanmalıdır"

Cəmiyyət Materials 23 Avqust 2007 14:48 (UTC +04:00)
Millət vəkili: "Gürcüstanda yaşayan azərbaycanlıların bu ölkəni tərk etmələrinin qarşısını almaq üçün Dövlət Proqramı hazırlanmalıdır"

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə / Gürcüstanda yaşayan azərbaycanlıların bu ölkəni tərk etmələri təhlükəli həddə çatıb və Azərbaycan tərəfi bunun qarşısını almaq üçün Dövlət Proqramı hazırlamalıdır. Bu barədə cümə axşamı Bakıda Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının və parlamentdə müxalifəti təmsil edən Müsavat deputat qrupunun üzvü Nəsib Nəsibli bildirib.

"Azərbaycan Cənubi Qafqazda öz mövqelərini gücləndirmək istəyirsə, Gürcüstan azərbaycanlılarının sıx yaşadıqları Borçalı bölgəsində möhkəmlənməlidir. Çünki Borçalı Cənubi Qafqazın strateji bölgəsidir və bütün komminikasiya nöqtələri oradan keçir" - deyə Nəsibli bildirib.

Son illər Gürcüstanda yaşayan azərbaycanlıların bu ölkəni tərk etmələri geniş miqyas alıb. Miqrasiya nəticəsində azərbaycanlıların sıx yaşadıqları Borcalı bölgəsində kəndlər boşalıb. Bu hal Azərbaycanda ciddi narahatlıq yaradıb.

Nəsibli qeyd edib ki, hazırlanacaq Dövlət Proqramında Gürcüstanda yaşayan azərbaycanlıların təhsil, iş probleminin həll olunması, soydaşlarımızın yaşadıqları yeri tərk etmədən Azərbaycan dövləti ilə əlaqələrinin genişləndirilməsi və digər məsələlər öz əksini tapmalıdır.

İyun ayında Müsavat deputat qrupu Gürcüstanda yaşayan azərbaycanlıların vəziyyətini yerindəcə öyrənmək üçün bu ölkəyə səfər etmişdi. Nəsibli qeyd edib ki, onların Gürcüstana səfərinin müsbət və mənfi nəticələri olub. Müsbət nəticə ondan ibarətdir ki, azərbaycanlılar onların yaddan çıxmadığını görüblər. Mənfi nəticə isə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun Gürcüstanda olan Azərbaycan dilli məktəblərin bağlanması ilə bağlı bəyanatdır: "Bu bəyanat bizim Gürcüstana səfərimizdən sonra verildi".

Deputatın sözlərinə görə, Gürcüstanın Borçalı bölgəsinin qubernatoru Azərbaycana səfər edən zaman baş nazir Artur Rasızadə də Azərbaycan dilli məktəblərin bağlanılmasını təklif edib. Nəsibli hesab edir ki, Gürcüstandakı Azərbaycan dilli məktəblərin bağlanması ciddi problemlərin yaranmasına səbəb olar.

Deputat onu da qeyd edib ki, soydaşlarımızın problemlərinin həllinə kömək göstərmək üçün sentyabr ayında yenidən Gürcüstana səfər edəcəklər.

Xəbər lenti

Xəbər lenti