...

Bakının 2020-ci il Olimpiya Oyunları üçün həyata keçiriləcək tikinti layihələrinin planı açıqlanıb

İdman Materials 21 Fevral 2012 10:21 (UTC +04:00)
Azərbaycan Milli Olimpiya Komitəsi Bakının 2020-ci il Olimpiya Oyunlarına namizədliyi təsdiq olunduğu təqdirdə həyata keçiriləcək tikinti layihələrinin planını açıqlayıb.
Bakının 2020-ci il Olimpiya Oyunları üçün həyata keçiriləcək tikinti layihələrinin planı açıqlanıb

Azərbaycan, Bakı, 21 fevral / Trend müxbir M.Əliyev/

Azərbaycan Milli Olimpiya Komitəsi Bakının 2020-ci il Olimpiya Oyunlarına namizədliyi təsdiq olunduğu təqdirdə həyata keçiriləcək tikinti layihələrinin planını açıqlayıb.

Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə Trend-ə bildirib ki, Azərbaycanın İsveçrənin Lozanna şəhərində Beynəlxalq Olimpiya Komitəsinə təqdim etdiyi "Sifariş kitabında" infrastruktur layihələrinin, obyektlərin yerləşdiyi ərazi və tamaşaçı tutumu göstərilib.

"Layihələrin həyata keçirilməsinə isə Bakı namizəd şəhər kimi seçildikdən sonra başlanacaq", - o bildirib.

Hüseynzadə "Olimpiya şəhərciyi"nin yeri və planı barədə də danışıb. Onun sözlərinə görə, şəhərcik "Azərneftyağ" zavodunun ərazisində tikiləcək.

"Azneftyağın ərazisindəki zavod "Olimpiya şəhərciyi"nin tikilib-tikilməməsindən asılı olmayaraq təyin olunan vaxt çərçivəsində köçürüləcək. Lakin orada Olimpiya obyektlərinin tikintisi Olimpiya Oyunlarının keçirilməsi Bakıya həvalə olunarsa, aparılacaq", - o deyib.

Hüseynzadə bildirib ki, "Olimpiya şəhərciyiⅦndə idmançıların yaşaması üçün evlər, yeməkxanalar, istirahət mərkəzləri, poliklinikalar və digər Olimpiya kəndinin tələbinə uyğun obyektlər tikiləcək. MOK-un vitse-prezidenti "Azərneftyağ"ın hazırkı 150 hektar ərazisinin "Olimpiya şəhərciyi" üçün kifayət edəcəyini vurğulayıb.

Hüseynzadə qeyd edib ki, olimpiadanın açılış və əsas stadionu Böyükşor qəsəbəsində tikiləcək 60 minlik tamaşaçı tutumuna malik arena olacaq.

Qeyd edək ki, Beynəlxalq Olimpiya Komitəsi (BOK) tərəfindən məlumatlar 2 ay müddətində dəyərləndirilərək Azərbaycanın durumu ilə bağlı açıqlama veriləcək.

Azərbaycanda Bakının namizədliyi ilə bağlı Təşkilat Komitəsi yaradılıb.

2020-ci il Yay Olimpiya Oyunlarının keçirilməsi üçün Bakı ilə yanaşı Madrid, Tokio, İstanbul və Qətərin paytaxtı Doha şəhəri də iddialarını irəli sürüblər. BOK namizəd şəhərləri bu ilin may ayında seçəcək.

2012-ci ilin aprel ayında BOK-un İcraiyyə Komitəsinin iclasında 6 iddiaçı ölkədən hansının növbəti mərhələyə keçməsinə qərar veriləcək, həmin qərar isə rəsmi olaraq mayın 20-25-də Kanadanın Kvebek şəhərində elan olunacaq.

BOK ikipilləli seçimdən sonra 7 sentyabr 2013-cü ildə Argentinanın paytaxtı Buenos-Ayres şəhərində Olimpiadaya ev sahibliyi edəcək şəhərin adını açıqlayacaq.

Xəbər lenti

Xəbər lenti