...

Teo Mauxer: Velotur Azərbaycanda velosiped idmanının inkişafına doğru atılan mühüm addımdır

İdman Materials 7 May 2012 15:17 (UTC +04:00)
Azərbaycanda velosiped idmanı üzrə keçiriləcək ilk peşəkar yarışa çox az vaxt qalır.
Teo Mauxer: Velotur Azərbaycanda velosiped idmanının inkişafına doğru atılan mühüm addımdır

Azərbaycan, Bakı, 7 may /Trend/

Azərbaycanda velosiped idmanı üzrə keçiriləcək ilk peşəkar yarışa çox az vaxt qalır. Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş velotur 9-13 may 2012-ci il tarixlərində keçiriləcək. Velosiped turniri Velosiped İdmanı Federasiyası tərəfindən ölkəmizdə bu idman növünün inkişafı istiqamətində atılan önəmli addımdır.

Azərbaycanda velosiped idmanının dirçəlişi

Velosiped İdmanı Federasiyası mövcud olsa da, son 20 ildə Federasiyanın fəaliyyətində bir durğunluq hökm sürürdü. Gənc velosipedçilərin bu idman növü ilə məşğul olması üçün lazımi şərait də yox dərəcəsində idi. Azərbaycan Velosiped İdmanı Federasiyasının idman işi üzrə direktoru Teo Mauxer bu barədə bildirib: "Ölkədə velosiped klublarının və məktəblərinin sayı azdır. Velosiped idmanına marağı artırmaq üçün müvafiq şərait yaradılmalıdır. Biz hazırda idman sahəsində güclü potensialı olan gənclər axtarırıq. Əgər onları düzgün istiqamətləndirə bilsək, əminəm ki, gələcəkdə Azərbaycan velosipedçiləri yaxşı nəticələr göstərəcəklər".

Veloturun önəmli rolu

Heydər Əliyevin xatirəsinə həsr olunmuş velosiped turniri Azərbaycanda bu idmanın gələcək inkişafı baxımından olduqca önəmlidir. Ölkənin yolları və umumi infrastruktur inkişafa imkan verir. "Bu velotur və velosiped idmanının inkişafı ətraf mühitin və insanların sağlamlığının qorunmasına da xidmət edəcək. Bu turdan sonra Azərbaycanda bu qəbildən olan yarışların sayının artması gözlənilir ki, bu da Azərbaycan velosipedçilərinin potensialını artırmaq üçün əsas şərtdir", - Mauxer belə deyib.

Digər ölkələrin nünayəndələri uzun müddətdir ki, peşakar velosiped idmanı ilə məşğuldurlar, Azərbaycan idmançıları isə velosiped turnirinə yalnız son bir neçə ay ərzində hazırlaşıblar. Mauxerin fikrincə, onlardan yarışlarda ciddi nəticələr gözləmək hələ tezdir. "Potensialı olan gənc velosipedçiləri tapıb yetişdirməliyik. Bu tur Azərbaycanda velosiped idmanının təbliğində bizə kömək edəcək", - o əlavə edib.

Yarış haqqında

Heydər Əliyevin xatirəsinə həsr olunmuş velotur Beynəlxalq Velosipedçilər İttifaqının (BVİ, fransızca UCI) təqvim planına daxil edilmiş və 2.2 U-23 (19-23 yaş həddi) kateqoriyasına aid BVİ kontinental turudur. Yarışın təşkilatçıları Azərbaycan Velosiped İdmanı Federasiyası, Azərbaycan Milli Olimpiya Komitəsi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyidir. Yarışın texniki cəhətdən təşkilini Almaniyanın "Freunde Eventlogistik" şirkəti həyata keçirir.

Xəbər lenti

Xəbər lenti