...

Otüstü hokkey üzrə ölkə çempionatının II dövrəsi start götürdü

İdman Materials 22 Sentyabr 2012 17:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 sentyabr /Trend/

Bu gün Bakıdakı Otüstü Hokkey Kompleksində ölkə çempionatının II dövrəsinin ilk turu start götürüb.

Trend Otüstü Hokkey Federasiyasına istinadən məlumat verir ki, əvvəlcə təqvim üzrə yüksək dəstədə yarışan kişilərdən ibarət komandalar meydana çıxıblar. Sumqayıtın "Gənclik" və Bakının "Akkord" klublarının oyununda şirkət təmsilçiləri çətinlik çəkmədən sumqayıtlı yeniyetmələrdən ibarət komandaya 7:0 hesabı ilə qalib gəliblər. "Akkord" klubunun oyunçuları Aqşin Əliyev, Sənan İsmayılov və Samir Bəkirov görüşdə hərəyə 2 qol vurublar. 7-ci qolun müəllifi isə Rauf Şükürov olub.

Turun ikinci oyununda meydana əzəli rəqiblər - Bakının "Atasport" və Qusarın "Şahdağ" komandaları çıxıblar. Şimal bölgəsinin təmsilçiləri görüşdə rəqibə gözlənilən müqaviməti göstərə bilməyərək böyük hesabla məğlub olublar - 1:6. Topları rəqib qapısından Abbas Nəsirov, Əli Nadirov (2), Aleksandr Fomin, Mehman Orucov və Əhməd Quliyev keçiriblər. "Şahdağ" komandasında yeganə təsəlli qolunu Anar Pirsaatov vurub.

Qadınlar arasında keçirilən ilk oyunda da Qusarın "Şahdağ" və Bakının "Atasport" komandaları qarşılaşıb. Həmin görüşdə də paytaxt təmsilçiləri bölgə hokkeyçilərindən kifayət qədər güclü olublar. Səviyyə fərqi özünü hesabda da göstərib - 10:1. Bir sözlə, "Atasport-2" "Şahdağ" komandasını Qusardan gəlməsinə peşman edib. Bu görüşdə Amaliya Həsənova 5 qolun müəllifi olub. Digər topları isə rəqib qapısından Səbinə Ağayeva (2), Emiliya Həsənova, Ceyhunə Məhərrəmova və Angelina Martınova keçiriblər. Qusarlı qızlardan isə Səbinə Kərimova fərqlənib.

Ölkə çempionatında ilk turun digər oyunları sentyabrın 23-də Bakı və Masallı stadionlarında keçiriləcək.

Xəbər lenti

Xəbər lenti