...

"İdman" qəzetinin 80 illik yubileyi münasibətilə "dəyirmi masa" təşkil edilib (FOTO)

İdman Materials 10 Oktyabr 2012 20:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 oktyabr /Trend/

Bakıda "İdman ili" çərçivəsində "İdman" qəzetinin 80 illik yubileyi münasibətilə "dəyirmi masa" təşkil edilib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, "Azərbaycan idman jurnalistikasının problemləri" mövzusunda keçirilən tədbirdə əsasən idman jurnalistikasında kadr hazırlığının səviyyəsi, termin problemləri və idman mətbuatında dil üslubu məsələləri müzakirə edilib.

Tədbiri açan gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışıb, idmançılarımızın beynəlxalq yarışlarda qazandığı nailiyyətlər barədə məlumat verib və idman jurnalistikasının ölkəmizdə inkişaf etdiyini vurğulayıb.

O bildirib ki, "İdman ili" çərçivəsində ölkəmizdə bir neçə mötəbər idman yarışları təşkil olunub. Yerli jurnalistlərlə yanaşı, əcnəbi KİV nümayəndələri də bu yarışları işıqlandırıblar. Yerli media mənsublarının əcnəbi həmkarları ilə əməkdaşlıq etməsinin vacibliyini vurğulayan nazir müavini, Beynəlxalq İdman Jurnalistləri Assosiasiyası, Gənclər və İdman Nazirliyi və Azərbaycan Milli Olimpiya Komitəsinin ölkəmizdə təşkil etdiyi "Gənc jurnalistlər proqramı" layihəsini yüksək qiymətləndirib.

"İdman" qəzetinin baş redaktoru Qabil Mehdiyev idman jurnalistikasının ölkəmizdə həmişə inkişafda olduğunu, qəzetin yubileyi münasibətilə elmi-praktik konfransların və seminarların təşkil olunacağını diqqətə çatdırıb.

O vurğulayıb ki, inkişafla yanaşı, idman jurnalistikasında müəyyən problemlər də var. Bunlardan ən əsası yerli KİV nümayəndələrinin əcnəbi dil biliklərinin aşağı səviyyədə olmasıdır. Jurnalistikanın ən əsas vasitəsi ünsiyyətdir. Beynəlxalq idman yarışlarında olarkən müxbirin əcnəbi dil bilməsi mütləqdir.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov ölkəmizdə yazılı və elektron idman mətbuatı haqqında məlumat verib və idman qəzetlərinin oxucularının sayının Azərbaycanın bölgələrində artdığını diqqətə çatdırıb.

Tədbirdə qonaq qismində iştirak edən Beynəlxalq İdman Jurnalistləri Assosiasiyasının Futbol Komitəsinin rəhbəri Keri Radnadge Azərbaycanın beynəlxalq idman yarışlarına yüksək səviyyədə ev sahibliyi etdiyini diqqətə çatdırıb və dövlətin idmana göstərdiyi qayğını yüksək qiymətləndirib.

Sonra əcnəbi jurnalistlərdən olan layihə iştirakçıları Azərbaycanda FİFA U-17 qadınlararası dünya çempionatının yüksək səviyyədə təşkil olunduğunu diqqətə çatdırıb, Azərbaycanı çox müasir və inkişafda olan ölkə kimi qiymətləndirib, xalqımızın isə çox qonaqpərvər olduğunu diqqətə çatdırıblar.

Daha sonra konfransda iştirak edənlərdən Gənclər və İdman Nazirliyinin elm və təhsil şobəsinin müdiri Vüqar Əhmədov, Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının prezidenti Eldar İsmayılov, "Olimpiya dünyası" qəzetinin baş redaktoru, əməkdar jurnalist Murad Fərzəliyev, "Futbol+" qəzetinin baş redaktoru Mahir Rüstəmli, veteran idman jurnalistlərindən Oqtay Bayramov, Aydın Əliyev, Yaqub Nuriyev, Əli Fərəcov, ATV telekanalının idman şərhçisi Sənan Şəfizadə, "Sportsmen" jurnalının baş direktoru Saleh Salehzadə və başqaları çıxış edərək idman jurnalistikamızın hazırkı vəziyyəti barədə öz fikirlərini bölüşüblər.

Tədbirdə idman jurnalistikasında kadrların hazırlığı məqsədilə vaxtaşırı hazırlıq kurslarının və uzunmüddətli tədris proqramlarının təşkili ilə bağlı təkliflər irəli sürülüb.

Tədbirin sonunda gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov səslənən təkliflərin reallaşması üçün nazirlik tərəfindən mümkün köməkliyin göstəriləcəyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti