...

Azərbaycan vaterpolçuları beynəlxalq turnirə qələbə ilə başlayıblar (FOTO)

İdman Materials 8 May 2013 03:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 may /Trend/

Mingəçevirdəki "Kür" İdman-Sağlamlıq Mərkəzində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş vaterpol üzrə beynəlxalq turnir start götürüb. Azərbaycan Üzgüçülük Federasiyası və Azərbaycan Gənclər və İdman Nazirliyi tərəfindən birgə təşkil olunmuş yarışda Azərbaycan və Belarus milli yığma komandaları, həmçinin Gürcüstanın gənclərdən ibarət komandası və Moskva yığması iştirak edir.

Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, turnirin açılış mərasimində Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının müavini Ramiz Əliyev çıxış edərək bütün iştirakçılara uğurlar arzulayıb, qələbəyə layiq olanların uğur qazanacağına ümid etdiyini bildirib və Azərbaycanın artıq dünyanın idman mərkəzlərindən birinə çevrildiyini qeyd edib.

Azərbaycan Gənclər və İdman Nazirliyinin sektor müdiri Nicat Həsənov isə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş beynəlxalq turnirin başlanması münasibətilə iştirakçıları təbrik edi və ölkəmizin son vaxtlar bir çox beynəlxalq turnirlərə ev sahibliyi etdiyini qeyd edib. Nazirlik nümayəndəsi onu da bildirib ki, Azərbaycan yaxın gələcəkdə Beynəlxalq Şahmat Olimpiadası və Avropa Oyunları kimi iri yarışları yüksək səviyyədə təşkil edəcək.

Azərbaycan Üzgüçülük Federasiyasının baş katibi Fərid Bananyarlı açılış mərasimində çıxış edərək, Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş beynəlxalq turnirin bütün qonaqlarını salamlayıb və bu yarışın ənənəvi xarakter daşıyacağını bildirib. Federasiya nümayəndəsi nitqinin sonunda bütün iştirakçılara uğurlar arzulayıb və qələbəyə layiq olanların uğur qazanacağına ümid etdiyini vurğulayıb.

Turnirin ilk turuna gəldikdə, Azərbaycan millisi Belarus komandası ilə qarşılaşıb və gərgin mübarizə şəraitində keçən qarşılaşmada yığmamız 18:17 (2:4, 5:5, 4:3, 7:5) hesabı ilə qələbə qazanıb. Turun ikinci oyununda Moskva yığması Gürcüstanın gənclərdən ibarət komandasını 17:5 hesabı ilə məğlub edib.

Qeyd edək ki, yarışın ikinci günündə Azərbaycan millisi gürcülərlə, belaruslular isə moskvalılarla üz-üzə gələcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti