...

Avropa çempionatında uğur qazanan Azərbaycan gimnastları böyük coşqu ilə qarşılanıb (FOTO)

İdman Materials 3 İyun 2013 19:24 (UTC +04:00)
Artıq ardıcıl 5-ci Avropa çempionatıdır ki, gimnastlarımız bizi sevindirir. Trend-in məlumatına görə, bunu bazar ertəsi yarışdan qayıdarkən Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlamasında bədii gimnastika üzrə Azərbaycan milli komandasının baş məşqçisi Mariana Vasileva bildirib.
Avropa çempionatında uğur qazanan Azərbaycan gimnastları böyük coşqu ilə qarşılanıb (FOTO)

Azərbaycan, Bakı, 3 iyun /Trend, müxbir M.Əliyev/

Artıq ardıcıl 5-ci Avropa çempionatıdır ki, gimnastlarımız bizi sevindirir. Trend-in məlumatına görə, bunu bazar ertəsi yarışdan qayıdarkən Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlamasında bədii gimnastika üzrə Azərbaycan milli komandasının baş məşqçisi Mariana Vasileva bildirib.

Baş məşqçinin sözlərinə görə, bu Avropa çempionatı Azərbaycan gimnastları üçün daha uğurlu keçdi, çünki nəticələrimiz ötənilki çempionatdan daha yaxşı oldu: "Bizim yunior yığmamız ötən dəfə bürünc medal qazanmışdı, indi isə gümüşə layiq görüldü".

Baş məşqçi qeyd edib ki, komandada iki çox gənc, təcrübəsiz gimnast qız var - Lalə Yusifova və Marina Durunda, lakin onlar ötən çempionatda Aliyə Qarayeva və Anna Qurbanovanın qazandığı komanda hesabındakı dördüncü yeri təkrarladılar: "Lakin bu dəfə bizim böyük sevincimiz var, çünki artıq gələn il Bakıda keçiriləcək Avropa çempionatına iki kvota əldə etmişik. Ötən dəfə isə yalnız Aliyə Qarayeva çıxış edirdi. Mən çox xoşbəxtəm və bütün əməyi keçən şəxslərə minnətdarlığımı bildirirəm".

Hava limanında gimnastlarımız böyük coşqu ilə qarşılanıb.

Qeyd edək ki, bədii gimnastika üzrə Azərbaycan yığması Vyanada keçirilən Avropa çempionatında gümüş medal qazanıb.

Bütün diqqətlər finalda 5 halqa ilə çıxış edən Nilufər Niftəliyeva, Gülsüm Şəfizadə, Səbinə Hümmətova, Aleksandra Platonova, Emiliya Bağıyeva və Aynur Mustafayevadan ibarət qurp tapşırıqları üzrə yunior komandasına yönəlib. Təmsilçilərimiz möhtəşəm nömrə göstərərək, hakimlərdən yüksək qiymət - 16.550 bal alıblar. Bu nəticə kollektivin gümüş medal qazanmasına imkan verib.

Fərdi tapşırıqlarda isə gimnastlarımız 4 finalda çıxış ediblər. Əvvəlcə Marina Durunda halqa ilə tapşırığı yerinə yetirərək, hakimlərdən 17.650 bal alıb və 5-ci olub. Sonra Marina topla hərəkətlərdə 17.700 bal qazanıb. Bu göstərici ilə təmsilçimiz 5-ci yeri tutub.

Lalə Yusifova isə gürzlərlə bəxtini sınayıb. İdmançımız gözəl nömrə göstərərək hakimlərdən 17.350 bal alıb və 7-ci olub. Çempionatı isə finalda lentlə çıxış edən M.Durunda başa vurub. O, bu hərəkətinə görə 17.766 bal alaraq 5-ci olub.

Finalda qalib gələn idmançılar isə rusiyalı gimnastlar - Darya Svatkovskaya (halqa), Yana Kudrvayvtseva (top, gürz) və Marqarita Mamun (lent) olub.

Xatırladaq ki, Avropa Gimnastika İttifaqının (UEG) bayrağı Vyanada keçirilən Avropa çempionatının bağlanış mərasimində Azərbaycan nümayəndə heyətinə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti