...

Məhəmmədrəsul Məcidov və Teymur Məmmədov yenidən rinqdə

İdman Materials 5 Fevral 2014 20:17 (UTC +04:00)
Fevralın 8-i saat 19:00-da Quba Olimpiya Kompleksində Ümumdünya Boks Seriyasının (WSB) VIII turunun matçında Azərbaycanın “Baku Fires” və Polşanın “Hussars Poland” komandaları qarşılaşacaqlar.
Məhəmmədrəsul Məcidov və Teymur Məmmədov yenidən rinqdə

Azərbaycan, Bakı, 5 fevral /Trend/

Fevralın 8-i saat 19:00-da Quba Olimpiya Kompleksində Ümumdünya Boks Seriyasının (WSB) VIII turunun matçında Azərbaycanın "Baku Fires" və Polşanın "Hussars Poland" komandaları qarşılaşacaqlar.

Trend Azərbaycan Boks Federasiyasına istinadən məlumat verir ki, artıq hər 2 komanda heyətini açıqlayıb. Belə ki, "Baku Fires"in heyətində 3 yeni boksçu rinqə çıxacaq. Baş məşqçi Nuripaşa Talibov yəqin ki, rəqibin zəifliyini nəzərə alaraq, Rabadanov, Cəbrayılov və Əhmədova WSB liqasında debüt etmək imkanı qazandırıb. Bu dəfə Quba azarkeşləri milli komandamızın liderləri Teymur Məmmədovla Məhəmmədrəsul Məcidovun çıxışını böyük maraqla izləyəcəklər.

Olimpiya Oyunlarının bürünc mükafatçısı, Avropa çempionu Məmmədov liqada ilk görüşünü 23 yaşlı Piotr Podluçkiyə qarşı keçirəcək. Polşalı boksçu Ümumdünya Boks Seriyasında 1 döyüşdə rinqə çıxıb və məğlub olub.

2 qat dünya çempionu M.Məcidov isə oktyabrdakı dünya çempionatından sonra ilk dəfə rinqə çıxacaq. Məcidovun rəqibi Toborek WSB liqasında bir görüş keçirərək uduzub.

"Hussars Poland" klubunda ən təcrübəli boksçu 69 kq çəki dərəcəsində vuruşacaq İreneuş Zakrzevskini qeyd etmək olar. 21 yaşlı idmançı liqada 3 dəfə rinqə çıxıb, 1 qələbə qazanıb. O, 2012-2013-cü illər mövsümündə "Baku Fires"in üzvü Mixail Veselova yenilib.

Baku Fires - Hussars Poland

52 kq. Murad Rabadanov - Mariuş Koç
60 kq. Məhəmmədrəşid Cəbrayılov - Mateuş Polski
69 kq. Kamil Əhmədov - İreneuş Zakrzevski
81 kq. Teymur Məmmədov - Piotr Podluçki
+91 kq Məhəmmədrəsul Məcidov - Arkadiuş Toborek

Turnir cədvəli:

1. Coba Domaderos - 21 xal (7 görüş)
2. Astana Arlans - 16 (7)
3. Rusiya - 13 (7)
4. Baku Fires - 11 (7)
5. Mexico Gurerreros - 5 (7)
6. Hussars Poland - 1 (7)

Bu həftə B qrupunda daha 1 görüş baş tutacaq. "Mexico Guerreros" doğma divarlar arasında "Astana Arlans"la qarşılaşacaq. Rusiya - "Cuba Domaderos" qarşılaşması isə təxirə salınıb.

Qeyd edək ki, "Baku Fires" səfərdə "Hussars Poland" üzərində 5:0 hesabı ilə qələbə qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti