Azərbaycan, Bakı, 20 iyun /Trend/
İyunun 20-də Fransadakı Eqvebelett gölündə akademik avarçəkmə üzrə Dünya Kubokunun II mərhələsi start götürəcək. Nüfuzlu reqatada Azərbaycanı 5 idmançı təmsil edəcək.
Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, əsas diqqətlər son Avropa çempionatının gümüş mükafatçıları Aleksandr Aleksandrovla Boris Yotova yönələcək. Aleksandrov - Yotov dueti 2 nəfərlik qoşa avarlı qayıqla (M2X) 2000 metr məsafəyə yürüşlərə qatılacaq. Bu cütlüyün üst-üstə 21 rəqibi olacaq.
2 nəfərlik sükansız qayıqla (M2-) eyni məsafəyə yürüşlərdə isə İqor Luçiç - Luka Dordeviç cütlüyü çıxış edəcək. Onların ümumilikdə 12 rəqibi olacaq.
Nəhayət, Cavid Əfəndiyev 1 nəfərlik yüngül çəkili qayıqla (LM1X) eyni məsafəyə yürüşlərə qatılacaq. O, ümumilikdə 19 avarçəkənlə mübarizə aparacaq.
Dünya Kubokunun II mərhələsinə iyunun 22-də yekun vurulacaq.