...

I Avropa Oyunları ilə bağlı Bakı Atıcılıq Mərkəzində təhlükəsizlik işləri görülür

İdman Materials 17 Aprel 2015 12:29 (UTC +04:00)
I Avropa Oyunları ilə bağlı Bakı Atıcılıq Mərkəzində təhlükəsizliklə bağlı işlər görülür və mayın 1-dən obyekt istifadəyə tam hazır olacaq
I Avropa Oyunları ilə bağlı Bakı Atıcılıq Mərkəzində təhlükəsizlik işləri görülür

Azərbaycan, Bakı, 17 aprel /Trend, müxbir İlkin İzzət/

I Avropa Oyunları ilə bağlı Bakı Atıcılıq Mərkəzində təhlükəsizliklə bağlı işlər görülür və mayın 1-dən obyekt istifadəyə tam hazır olacaq. Trend xəbər verir ki, bunu bu gün jurnalistlərə açıqlamasında Bakı Atıcılıq Mərkəzinin avstraliyalı baş meneceri Uorren Natan deyib.

O qeyd edib ki, Mərkəzin tikintisinə 2014-cü ildə başlanılıb: "Artıq mərkəzdə əsas tikinti işləri başa çatıb. İndi təhlükəsizliklə bağlı işlər görülür. Bu işlər də ayın sonuna kimi tamamlanacaq. Mayın 1-dən isə obyekt istifadəyə tam hazır olacaq. Mayın 1-dən sonra isə biz yarışların keçirilməsi ilə əlaqədar hazırlıqlara başlayacağıq".

Onun sözlərinə görə, kompleksin açıq poliqonunda tamaşaçılar üçün oturacaqların sayı 500-dür: "Qapalı yerdə isə tamaşaçı tutumu 1200 nəfərlikdir. Amma yarış zamanı biletlərin sayı daha az olacaq. Çünki yarışlarda fəxri qonaqların da iştirakı gözlənilir".

U.Natan bildirib ki, Avropa Oyunları ilə bağlı ayrıca sınaq yarışının keçirilməsi planlaşdırılmır: "Amma yerli federasiyanın atıcıları gəlib burada sınaq atışları həyata keçirib və bütün məsafələrdən atəş açıblar. Atışlar da çox uğurla keçib. Biz deyə bilərik ki, obyekt yarışlara tam hazırdır".

Yeni mərkəzdə atıcılıq idmanının bütün növləri üzrə, o cümlədən 300 metr məsafəyə tüfəngdən atəş üzrə yarışlar keçirmək mümkün olacaq. Bu isə çox nadir hadisədir: "Atıcılıq Mərkəzi üçün ayrılmış ərazinin sahəsi 20 hektara yaxındır. Mərkəz şəhərdən də çox uzaqda deyil. Mən üç Olimpiadada olmuşam, amma belə bir şey görməmişəm. Bu Atıcılıq Mərkəzinin dünyada ən böyük mərkəz olmasını istisna etmirəm".

Kompleksdə qapalı yerdə 10, 25, 50 metr məsafələrdən atəş açmaq mümkün olacaq. 300 metrlik poliqon isə Avropa Oyunları zamanı istifadə olunmayacaq. Amma o, gələcəkdə başqa yarışlarda istifadə oluna bilər. Bu mərkəzin digər unikal xüsusiyyəti odur ki, bütün poliqonlar, atıcılıq məsafələri bir divarın içindədir. Adətən bu poliqonlar ayrı-ayrı yerlərdə yerləşir. Burada isə 10 metrdən tutmuş 300 metrlik atış poliqonlarının hamısı bir yerdə cəmləşib.

Baş Menecerin sözlərinə görə, Avropa Oyunları zamanı 10 və 50 metr məsafədən atış yarışlarının eyni gündə keçiriləcəyi istisna olunmur. Amma bu yarışları izləmək istəyən tamaşaçılar onların hər birinə ayrıca bilet almalıdır.

O əlavə edib ki, Avropa Oyunları üçün təlim məşqlərinin iyunun 12-də keçirilməsi planlaşdırılır. Yarışlar isə iyunun 16-dan 22-dək keçiriləcək. Media Mərkəzi isə yaxınlıqdakı oteldə yerləşəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti